🌐 Keçmişin izi, gələcəyin sözü
02 Sentyabr 2026, saat 11:49   •   🌡️ Bakı

YAŞAT Fondundan tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlillərinə 2 000 manat mükafat

Odlar.media xəbər verir ki, YAŞAT Fondu 2026-2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə 2 000 manat məbləğində pul mükafatı təqdim edəcək.
Fondun yaydığı məlumata görə, bununla bağlı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev həmin şəxslərlə görüş keçirib.
İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı YAŞAT Fondunun 8110 Çağrı Mərkəzi vasitəsilə əldə edə bilərlər.
Mükafat üçün Dövlət İmtahan Mərkəzinin qəbul imtahanında 400 və daha yüksək bal, subbakalavr pilləsində isə 90 və daha yüksək bal toplayaraq ali təhsil müəssisəsinə qəbul olan şəxslər müraciət edə bilərlər.
Həmçinin dünya reytinqində ilk 1000-likdə yer alan universitetlərdən birinə qəbul olan şəxslər də mükafatdan yararlana biləcəklər.
Müraciətlərin qəbulu üçün son tarix 31 oktyabr 2026-cı ildir.
Qeyd edək ki, YAŞAT Fondu əvvəlki illərdə də ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə tələbə mükafatı təqdim edib.

Odlar.media