🌐 Keçmişin izi, gələcəyin sözü
02 Sentyabr 2026, saat 11:54   •   🌡️ Bakı

Deputat: “Azərbaycan artıq bölgənin gələcəyinin formalaşmasında əsas söz sahiblərindən biridir”

Odlar.media xəbər verir ki, Azərbaycanın son illərdə xarici siyasət sahəsində qazandığı əsas üstünlüklərdən biri müxtəlif güc mərkəzləri ilə paralel münasibətlər qurmaq və milli maraqlarını fərqli beynəlxalq platformalarda müdafiə etmək imkanlarının genişlənməsidir.
Bunu Prezident İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekə səfərini və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirakını şərh edən Milli Məclisin deputatı Elnarə Akimova deyib.
Deputat bildirib ki, Azərbaycanın genişlənən diplomatik imkanları ölkənin xarici siyasətdə manevr imkanlarını artırır və Prezident İlham Əliyevin Bişkekdə keçirdiyi görüşlər bunun praktiki göstəricilərindən biridir.
Onun sözlərinə görə, ŞƏT sammitində Azərbaycanın iştirakı ölkənin Avrasiya siyasi və iqtisadi məkanında artan rolunu nümayiş etdirir:
“ŞƏT sammitində iştirak Azərbaycanın Avrasiya siyasi və iqtisadi məkanında artan rolunu göstərdi. Sammit çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüş isə Cənubi Qafqazda yeni münasibətlər sisteminin formalaşdırılması istiqamətində birbaşa dialoqun davam etdiyini nümayiş etdirdi.
Bu iki hadisənin ortaq nöqtəsi Azərbaycanın yeni mərhələdə qarşıya qoyduğu əsas məqsədlərdə özünü göstərir. Bunlar təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat imkanlarının artırılması və uzunmüddətli sülhün təmin edilməsidir.
Bişkek səfərinə məhz bu prizmadan baxmaq lazımdır. Azərbaycan artıq münaqişənin nəticələrini müzakirə edən tərəf deyil. Ölkə həmin nəticələrin yaratdığı yeni siyasi və iqtisadi imkanları formalaşdırmağa çalışan dövlətdir”.
Elnarə Akimova qeyd edib ki, sammit çərçivəsində Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüş Azərbaycanın davamlı sülhə nail olmaq istiqamətində səylərini bir daha nümayiş etdirir.
“ŞƏT platformasında iştirak bu siyasətin beynəlxalq miqyasını, Paşinyanla birbaşa görüş isə onun regional ölçüsünü göstərir.
Bişkekdən görünən Azərbaycan mənzərəsi belədir: öz suverenliyini və ərazi bütövlüyünü təmin etmiş, regionda yeni siyasi reallıq yaratmış və indi həmin reallığı davamlı sülhə, regional əməkdaşlığa və daha geniş iqtisadi bağlantılara çevirməyə çalışan bir dövlət.
Bu mərhələdə Azərbaycanın əsas üstünlüyü yalnız qazandığı nəticələrdən ibarət deyil. Əsas üstünlük ondan ibarətdir ki, Bakı artıq bölgənin gələcəyi barədə danışan tərəflərdən biri deyil, həmin gələcəyin formalaşmasında əsas söz sahiblərindən biridir”, – deputat vurğulayıb.
Mənbə: Odlar.media