Odlar.media xəbər verir ki, Avropa Komissiyası Ukraynaya 2026–2027-ci illər üçün təsdiqlənmiş 90 milyard avro həcmində maliyyə yardım paketinə hələlik yenidən baxmağı planlaşdırmır.
Bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo məlumat verib.
Onun sözlərinə görə, Kiyevin ödənişlərin sürətləndirilməsi və Ukraynanın müdafiə büdcəsində yaranan təxminən 23 milyard avroluq kəsirin bağlanması ilə bağlı müraciəti də hazırda nəzərdən keçirilməyib.
Paula Pinyo bildirib ki, Ukraynanın artan maliyyə ehtiyacları və Rusiya tərəfindən eskalasiyanın davam etməsi fonunda əlavə maliyyələşdirmə məsələsinin müzakirəyə çıxarılıb-çıxarılmayacağı ilə bağlı hazırda əsas diqqət artıq təsdiqlənmiş maliyyə mexanizminin icrasına yönəldilib.
O qeyd edib ki, mövcud yardım paketi çərçivəsində kifayət qədər iddialı ödəniş qrafiki müəyyənləşdirilib və hazırda diqqət bu öhdəliklərin yerinə yetirilməsinə yönəlib.
Xatırladaq ki, ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiqlərini ölkənin Müdafiə Nazirliyinin büdcəsində yaranmış kəsirin qarşılanması üçün əlavə maliyyə vəsaiti tapmağa çağırıb. Zelenski xüsusilə Avropa kreditinin 2027-ci il üçün nəzərdə tutulan vəsaitinin bir hissəsinin vaxtından əvvəl ayrılmasını təklif edib.
Kiyev, həmçinin dondurulmuş Rusiya dövlət aktivlərindən Ukraynanın maliyyələşdirilməsi məqsədilə istifadə olunması məsələsini yenidən gündəmə gətirib.
Avropa Komissiyası isə hazırda təsdiqlənmiş maliyyə mexanizminin dəyişdirilməsini nəzərdə tutmur. Pinyo bildirib ki, 90 milyard avroluq kredit paketi təsdiqlənərkən bu məbləğin Ukraynanın 2026–2027-ci illər üzrə büdcə və müdafiə ehtiyaclarının təxminən üçdə ikisini qarşılaması nəzərdə tutulub.
Aİ-nin hesablamalarına əsasən, Ukraynanın maliyyə ehtiyaclarının qalan üçdə biri isə beynəlxalq tərəfdaşlar tərəfindən təmin edilməlidir.
Odlar.media
