Odlar.media xəbər verir ki, Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” – avtomatlaşdırılmış pasport nəzarəti və biometrik identifikasiya sistemi istifadəyə verilib.
Yeni sistem Azərbaycan Respublikasının 18 yaşı tamam olmuş vətəndaşlarına sərhəd nəzarətindən daha sürətli və rahat keçmək imkanı yaradır.
Elektron qapı vasitəsilə sərhəd nəzarəti bir neçə əsas mərhələ üzrə avtomatlaşdırılmış qaydada həyata keçirilir. Sərnişin şəxsiyyət sənədini xüsusi oxutma qurğusuna təqdim etdikdən sonra sənəddəki məlumatlar sistem tərəfindən avtomatik oxunur. Daha sonra aidiyyəti informasiya sistemləri üzrə zəruri yoxlamalar aparılır və biometrik məlumatlar əsasında şəxsin eyniləşdirilməsi həyata keçirilir.
Məlumatların uyğunluğu təsdiqləndikdə elektron qapı avtomatik açılır və sərnişinin sərhəd nəzarətindən keçidi tamamlanır. Prosesin təxminən 20 saniyə ərzində başa çatdığı bildirilir.
Sistemin tətbiqi sərhəd nəzarətinin əsas mərhələlərinin avtomatlaşdırılmasına, sərnişinlərin gözləmə müddətinin azaldılmasına, nəzarət prosedurlarının çevikliyinin və səmərəliliyinin artırılmasına, həmçinin insan amilinin minimuma endirilməsinə imkan verir.
“Elektron qapı sərhəd nəzarəti sistemi” ilkin mərhələdə Heydər Əliyev Beynəlxalq Hava Limanının ölkəyə gəlmə zalında istifadəyə verilib.
Növbəti mərhələdə sistemin digər dövlət sərhədindən buraxılış məntəqələrində də tətbiqi nəzərdə tutulur.
Odlar.media
