🌐 Keçmişin izi, gələcəyin sözü
28 Avqust 2026, saat 10:45   •   🌡️ Bakı

Güclü külək iki qadını yaraladı – Hər ikisi xəstəxanaya müraciət edib

Odlar.media xəbər verir ki, güclü küləyin təsiri nəticəsində iki qadın Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib.
Səhiyyə Nazirliyindən bildirilib ki, hadisələr ötən gün axşam saatlarında baş verib.
Saat 20:20-də 1952-ci il təvəllüdlü qadın güclü külək səbəbindən yıxılaraq xəsarət alıb. Tibbi müayinə zamanı ona sağ pəncənin IV daraq sümüyünün sınığı diaqnozu qoyulub və müvafiq tibbi yardım göstərilib.
Saat 20:40-da isə 1987-ci il təvəllüdlü qadın güclü küləyin təsiri ilə qapının hərəkət etməsi nəticəsində əlindən xəsarət alıb. Müayinə zamanı sol əlin 3–4-cü barmaqlarında kəsilmiş yara müəyyən edilib və ona tibbi yardım göstərilib.
Hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Onlar ambulator müalicə üçün evə buraxılıb və ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.
Mütəxəssislər güclü küləkli hava şəraitində vətəndaşları ehtiyatlı olmağa, mümkün qədər açıq ərazilərdə, ağacların, reklam konstruksiyalarının və digər təhlükə yarada biləcək obyektlərin yaxınlığında dayanmamağa çağırırlar.
Odlar.media