🌐 Keçmişin izi, gələcəyin sözü
28 Avqust 2026, saat 03:44   •   🌡️ Bakı

Sabah Yer kürəsində G2 səviyyəli maqnit qasırğası gözlənilir

Odlar.media xəbər verir ki, yaxın saatlarda Yer kürəsində geomaqnit aktivliyin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozlaşdırma Mərkəzi avqustun 28-i üçün G2 səviyyəli, orta güclü geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq yayıb.
Məlumata görə, buna Günəşdə baş verən güclü alışmalar və onların ardınca kosmosa atılan tac kütlə tullantıları səbəb olub.
Avqustun 25-də Günəşdə M6.9 sinifli güclü alışma qeydə alınıb. Hadisə Yer kürəsinin gündüz tərəfində, o cümlədən Avropa, Afrika və Arktikanın bəzi hissələrində qısamüddətli radioəlaqə pozuntularına səbəb olub.
Alışmanı müşayiət edən tac kütlə tullantılarının Yerə çatması və Günəş küləyinin planetin maqnit sahəsinə təsir göstərməsi nəticəsində avqustun 28-də geomaqnit aktivliyin daha da yüksələcəyi proqnozlaşdırılır.
G2 səviyyəli maqnit qasırğası nə deməkdir?
NOAA-nın təsnifatına əsasən, G2 səviyyəsi “orta güclü” geomaqnit qasırğası hesab olunur və Kp indeksinin 6 səviyyəsinə uyğun gəlir.
Belə qasırğalar zamanı yüksək enliklərdə radioəlaqədə müəyyən zəifləmələr, peyklərin fəaliyyətində kiçik dəyişikliklər və enerji sistemlərində gərginliklə bağlı problemlər yarana bilər.
Bununla yanaşı, qütb parıltılarının (aurora) adi vaxtdakından daha aşağı enliklərdə müşahidə olunması ehtimalı artır. NOAA-nın məlumatına görə, bu dəfə Şimali Amerika və Avropanın daha cənub ərazilərində də qütb parıltısının görünməsi mümkündür.
Maqnit qasırğaları Günəşdən gələn yüklü hissəciklərin Yer kürəsinin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində yaranan geomaqnit pozuntulardır.

Odlar.media