Odlar.media xəbər verir ki, 2026-2027-ci tədris ilində bir sıra dərsliklər yenilənmiş məzmunda şagirdlərin istifadəsinə veriləcək.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, yeni tədris ilində IV siniflər üçün “Həyat bilgisi”, VII siniflər üçün “Azərbaycan dili”, “Riyaziyyat”, “İngilis dili”, “Azərbaycan tarixi”, VIII siniflər üçün “Coğrafiya”, IX siniflər üçün isə “Biologiya”, “Fizika” və digər dərsliklər yenilənmiş məzmunda tədris prosesində istifadə olunacaq.
Yenilənmiş dərsliklərin hazırlanmasında əsas məqsəd şagirdlərdə yalnız nəzəri biliklərin formalaşdırılması deyil, həm də həmin biliklərin real həyat situasiyalarında tətbiqi, problemhəlletmə, tədqiqat aparma, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişaf etdirilməsidir.
Yeni nəşrlərdə oxu, riyazi və elmi savadlılığın inkişafına xidmət edən tapşırıqların sayı da artırılıb. Bununla yanaşı, maliyyə savadlılığı, ekoloji məsuliyyət, rəqəmsal bacarıqlar, media və informasiya savadlılığı, kibertəhlükəsizlik kimi müasir və aktual mövzular dərsliklərin məzmununa daha sistemli şəkildə inteqrasiya edilib.
Beləliklə, yenilənmiş dərsliklərin şagirdlərin həm akademik biliklərinin, həm də gündəlik həyatda zəruri olan praktik bacarıqlarının inkişafına daha çox yönəldilməsi nəzərdə tutulur.
Odlar.media
