🌐 Keçmişin izi, gələcəyin sözü
27 Avqust 2026, saat 12:51   •   🌡️ Bakı

Tramp ABŞ-da enerji təhlükəsizliyi ilə bağlı fövqəladə vəziyyət elan edib

Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkənin enerji sisteminə yönələn təhdidlər səbəbindən milli fövqəladə vəziyyət elan edib.
Məlumata görə, bu barədə prezident fərmanı Ağ Evin saytında dərc olunub. Fərmanda ABŞ elektrik şəbəkəsinin təhlükəsizliyinə xaricdən gətirilən avadanlıq və rəqəmsal komponentlərin yaratdığı potensial risklərə diqqət çəkilib.
Sənədə əsasən, ABŞ elektrik şəbəkəsinə kiberhücumlar həyata keçirmək üçün istifadə oluna biləcək xaricdə istehsal olunmuş elektrik avadanlıqlarının, mühüm proqram təminatının və rəqəmsal komponentlərin alınması və quraşdırılması məhdudlaşdırılıb.
Qadağaya yüksək gərginlikli transformatorlar, günəş və batareya sistemləri üçün invertorlar, generatorlar, rele mühafizə cihazları və ağıllı elektron cihazlar kimi avadanlıqlar daxildir.
Qərarın əsas məqsədi ABŞ-ın elektrik şəbəkəsinin dayanıqlılığını və təhlükəsizliyini artırmaq, xarici təchizat zəncirlərindən yarana biləcək kibertəhdidlərin qarşısını almaqdır. Ağ Ev də elektrik şəbəkəsinin təhlükəsizliyini milli və iqtisadi təhlükəsizliyin mühüm elementi kimi qiymətləndirir.

Odlar.media