Odlar.media xəbər verir ki, 2025-ci ildə Azərbaycana bir sıra əsas ərzaq məhsullarının idxalına çəkilən xərclər artıb, bəzi məhsullar üzrə isə azalma qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycana 1 milyon 267,3 min ton buğda idxal olunub və bu məhsulun ümumi dəyəri 275 milyon 626,2 min ABŞ dolları təşkil edib. 2024-cü ildə isə 1 milyon 292 min ton buğdanın idxalına 279 milyon 681,9 min dollar xərclənmişdi.
2025-ci ildə 369,8 min ton xam şəkər və şəkər idxalına 196 milyon 199,1 min dollar sərf olunub. Bu göstərici 2024-cü ildə 182 milyon 30 min dollar təşkil edib. Beləliklə, şəkər idxalının dəyəri bir il ərzində təxminən 14,2 milyon dollar artıb.
Bitki yağlarının idxalı isə 2025-ci ildə 127 min 838 ton olub və dəyəri 184 milyon 832,3 min dollar təşkil edib. 2024-cü ildə 156 min 937,1 ton bitki yağının idxalına 187 milyon 20,6 min dollar xərclənmişdi.
Kərə yağı, digər süd yağları və pastalarının idxalının dəyəri 172 milyon 637,2 min dollar, təzə meyvə idxalının dəyəri isə 172 milyon 534,1 min dollar olub.
Şokolad və şokolad məhsullarının idxalında da artım qeydə alınıb. 2024-cü ildə bu məhsulların idxalına 128 milyon 694,8 min dollar xərcləndiyi halda, 2025-ci ildə göstərici 148 milyon 539 min dollara yüksəlib.
Ötən il ölkəyə 135 min 323,1 ton təzə meyvə, 57 min 236,2 ton təzə tərəvəz və 140 min 820 ton kartof gətirilib. Təzə tərəvəz idxalının dəyəri 32 milyon 848,1 min dollar, kartof idxalının dəyəri isə 54 milyon 578,8 min dollar olub. Kartof idxalına çəkilən xərc 2024-cü illə müqayisədə təxminən 12 milyon dollar artıb.
Süd və qaymaq idxalında da artım müşahidə olunub. 2025-ci ildə 18 min 319,2 ton süd və qaymaq idxalına 32 milyon 208,3 min dollar xərclənib. 2024-cü ildə isə bu göstərici 24 milyon 780,2 min dollar olub.
Ət məhsullarının idxalında isə fərqli dinamika qeydə alınıb. İribuynuzlu heyvan əti idxalının dəyəri 48 milyon 723,4 min dollardan 57 milyon 130,1 min dollara yüksəlib. Quş əti və onun əlavə məhsullarının idxal dəyəri isə 70 milyon 170,9 min dollardan 47 milyon 904,7 min dollara enib.
2025-ci ildə Azərbaycana təzə və dondurulmuş balıq idxalına 51 milyon 748,8 min dollar, çaya 82 milyon 952,1 min dollar, düyüyə 50 milyon 125,2 min dollar, qarğıdalıya isə 16 milyon 849,4 min dollar xərclənib.
Düyü idxalının dəyəri 2024-cü ildəki 66 milyon 116,7 min dollardan 50 milyon 125,2 min dollara, qarğıdalı idxalı isə 24 milyon 64,3 min dollardan 16 milyon 849,4 min dollara qədər azalıb. Buğda ununun idxal dəyərində də ciddi azalma qeydə alınıb və göstərici 5 milyon 944,6 min dollardan 2 milyon 881 min dollara düşüb.
Digər məhsullar üzrə isə 2025-ci ildə meyvə-tərəvəz konservlərinin idxalına 77 milyon 683,4 min dollar, şəkərdən hazırlanan qənnadı məmulatlarına 56 milyon 495,6 min dollar, makaron məmulatlarının idxalına isə 25 milyon 165,4 min dollar xərclənib.
Odlar.media qeyd edir ki, statistik göstəricilər 2025-ci ildə ərzaq məhsullarının idxalında vahid istiqamətli dinamikanın olmadığını, ayrı-ayrı məhsullar üzrə həm idxal dəyərinin, həm də fiziki həcmin fərqli istiqamətlərdə dəyişdiyini göstərir.
