🌐 Keçmişin izi, gələcəyin sözü
27 Avqust 2026, saat 09:25   •   🌡️ Bakı

Qarabağ Universitetində İTÜ-yə bağlı akademik bölmələr yaradılacaq

Odlar.media xəbər verir ki, Qarabağ Universitetinin strukturunda İstanbul Texniki Universitetinə (İTÜ) bağlı akademik bölmələr yaradılacaq.
Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar “Resmi Gazete”də dərc olunub. Qərara əsasən, Azərbaycan Respublikasının Qarabağ Universitetinin strukturunda İstanbul Texniki Universitetinin rektorluğuna bağlı akademik bölmələr fəaliyyət göstərəcək.
Qeyd edək ki, 2026/2027-ci tədris ilindən Qarabağ Universitetində İTÜ ilə birgə mühəndislik ixtisasları üzrə beynəlxalq ikili diplom proqramına start verilib. Proqram çərçivəsində tələbələr mühəndisliyin müxtəlif istiqamətləri üzrə təhsil alacaq və məzun olduqda hər iki universitetin bakalavr diplomunu əldə edəcəklər.
İkili diplom proqramı inşaat mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, mexanika mühəndisliyi və kimya mühəndisliyi ixtisaslarını əhatə edir.
Qarabağ Universitetində İTÜ ilə əməkdaşlığın genişləndirilməsi mühəndislik təhsilinin inkişafı və beynəlxalq akademik əlaqələrin gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.