Odlar.media xəbər verir ki, Azərbaycanda turizm potensialına malik kəndlərin “Turizm kəndi” konsepsiyası çərçivəsində müəyyənləşdirilməsi xüsusi meyarlar əsasında həyata keçiriləcək.
Dövlət Turizm Agentliyinin məlumatına görə, hazırda Qusar rayonunun Laza, Quba rayonunun Qrız, Qəbələ rayonunun Duruca, Qax rayonunun İlisu və Sarıbaş, İsmayıllı rayonunun İvanovka, Lerik rayonunun Bibiyani və Astara rayonunun Sım kəndlərini əhatə edən “Turistik kənd” layihəsi mərhələli şəkildə icra olunur.
Azərbaycan Prezidentinin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində “Turizm kəndi” konsepsiyasının formalaşdırılması və bu istiqamətdə normativ hüquqi bazanın yaradılması nəzərdə tutulur.
Mövcud layihə çərçivəsində kəndlərdə turizm infrastrukturunun inkişafı ilə yanaşı, dövlət qurumları ilə institusional əməkdaşlıq həyata keçirilir, özəl sektor prosesə cəlb olunur. Həmçinin qrant mexanizmləri vasitəsilə qeyri-hökumət təşkilatlarının və yerli icmaların iştirakı təmin edilir.
Yeni Dövlət Proqramı çərçivəsində mövcud təcrübə əsasında “Turizm kəndi” konsepsiyası üçün vahid tənzimləyici çərçivənin yaradılması, kəndlərin müəyyən edilmiş meyarlar əsasında seçilməsi və onların turizm potensialının sistemli şəkildə qiymətləndirilməsi planlaşdırılır.
Agentlik bildirib ki, yeni yaşayış məntəqələrinin “Turizm kəndi” kimi müəyyənləşdirilməsi hazırlanacaq meyarlar, xüsusi inkişaf prinsipləri və normativ hüquqi çərçivə əsasında aparılacaq qiymətləndirmədən sonra mümkün olacaq. Hazırda layihəyə daxil edilmiş kəndlərdə başlanılan inkişaf tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.
Dövlət Turizm Agentliyindən verilən məlumata görə, kəndlərin qiymətləndirilməsi üçün ilkin meyarlar artıq hazırlanıb. Seçim zamanı yalnız mövcud turizm resursları deyil, həmçinin turizmin dayanıqlı inkişafına təsir edən sosial, infrastruktur, memarlıq və ekoloji amillər də kompleks şəkildə nəzərə alınacaq.
Qiymətləndirmə zamanı yerli icmanın iştirakı, infrastruktur və nəqliyyat əlçatanlığı, memarlıq və mədəni irs, ətraf mühit, xidmət imkanları və kəndin ümumi dayanıqlı inkişaf potensialı əsas meyarlar sırasında olacaq.
Agentlik qeyd edib ki, hazırkı meyarlar ilkin qiymətləndirmə çərçivəsini təşkil edir. “Turizm kəndi” konsepsiyası üzrə normativ hüquqi baza formalaşdırıldıqdan sonra meyarların yekunlaşdırılması və müəyyən edilmiş qaydada təsdiqlənməsi planlaşdırılır.
Odlar.media
