🌐 Keçmişin izi, gələcəyin sözü
27 Avqust 2026, saat 02:47   •   🌡️ Bakı

Konqoda Ebola epidemiyası genişlənir – tarixdə ən böyük alovlanma ola bilər

Odlar.media xəbər verir ki, Konqo Demokratik Respublikasında yayılan Ebola epidemiyası sürətlə genişlənir və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, artıq ölkə tarixində ən böyük Ebola alovlanması hesab olunur.
Hazırkı epidemiya Bundibugyo virusundan qaynaqlanır. ÜST-nin məlumatına görə, bu virusun qarşısının alınması üçün hazırda lisenziyalı vaksin və spesifik müalicə mövcud deyil.
Son məlumatlara əsasən, mayın 15-dən etibarən xəstəliyin yayılması xüsusilə İturi, Şimali Kivu, Cənubi Kivu, Haut-Uele və Tshopo əyalətlərinə qədər genişlənib. ÜST-nin iyulun 30-na olan məlumatında 3 605 təsdiqlənmiş yoluxma və 1 587 ölüm qeydə alındığı bildirilirdi.
Mütəxəssislər rəsmi statistikanın epidemiyanın real miqyasını tam əks etdirməyə biləcəyini bildirirlər. Xüsusilə xəstəlikdən şübhələnən şəxslərin tibbi yardım üçün müraciət etməməsi və bəzi ölüm hallarının sonradan araşdırılması real yoluxma və ölüm sayının daha yüksək ola biləcəyinə dair narahatlıq yaradır. ÜST də əvvəlki hesabatlarında ölüm hallarının bir hissəsinin epidemiyanın elanından əvvəl baş verdiyini və bu səbəbdən ölüm göstəricilərinin tam olmadığını qeyd edib.
Qeyd edək ki, ÜST mayın 17-də Konqo Demokratik Respublikası və Uqandada Bundibugyo virusunun yaratdığı Ebola epidemiyasını beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.
ÜST-nin məlumatına görə, epidemiya hazırda Konqo Demokratik Respublikasının tarixində qeydə alınmış ən böyük Ebola alovlanmasıdır.