🌐 Keçmişin izi, gələcəyin sözü
27 Avqust 2026, saat 00:48   •   🌡️ Bakı

Azərbaycan Türk dünyasında inteqrasiyanın əsas təşəbbüskarlarından biridir – DEPUTAT

Odlar.media xəbər verir ki, Milli Məclisin deputatı Elnarə Akimova Azərbaycanın Türk dünyası ilə münasibətlərinin son illərdə yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Deputat Odlar.media saytına açıqlamasında qeyd edib ki, Azərbaycanla Türk dövlətləri arasındakı münasibətlərə yalnız tarixi və etnik yaxınlıq müstəvisindən yanaşmaq artıq kifayət deyil. Onun sözlərinə görə, bu əlaqələr siyasi, iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik, təhsil, mədəniyyət və texnologiya sahələrini əhatə edən çoxşaxəli əməkdaşlıq modelinə çevrilib.
Elnarə Akimovanın fikrincə, Azərbaycan Türk dünyasında həm təşəbbüskar, həm də birləşdirici dövlətlərdən biri kimi xüsusi mövqeyə malikdir. O vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi və türk dövlətləri arasında əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindəndir.
Deputat Azərbaycan-Türkiyə münasibətlərinin bu prosesin əsas sütunlarından biri olduğunu qeyd edib. Onun sözlərinə görə, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn əlaqələr müdafiə sənayesi, enerji, nəqliyyat, ticarət, təhsil və mədəniyyət daxil olmaqla geniş əməkdaşlıq sisteminə çevrilib.
Eyni zamanda, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla əlaqələrin sürətlə inkişaf etdiyini bildirən Akimova Azərbaycanın Türk dünyasının müxtəlif coğrafiyalarını birləşdirən mühüm siyasi və iqtisadi körpü rolunu oynadığını söyləyib.
Deputat xüsusilə 2026-cı ilin iyulunda Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasını mühüm hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, bu sənəd iki ölkə arasındakı münasibətləri yeni mərhələyə yüksəltməklə yanaşı, Türk dünyasında siyasi inteqrasiyanın dərinləşməsi baxımından da əhəmiyyətlidir.
Akimova Azərbaycan-Qazaxıstan münasibətlərində Xəzər üzərindən nəqliyyat əlaqələrinin, enerji əməkdaşlığının və siyasi dialoqun xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, Özbəkistanla siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafının, Türkmənistanla isə Xəzər, enerji və nəqliyyat sahələrində əməkdaşlığın Türk dünyasının ümumi potensialının artırılmasına xidmət etdiyini vurğulayıb.
Deputatın sözlərinə görə, yaxın illərdə əsas istiqamətlərdən biri Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi olacaq. Azərbaycan bu layihənin əsas halqalarından biri kimi Çin və Mərkəzi Asiyadan Xəzər vasitəsilə Türkiyə və Avropaya uzanan nəqliyyat bağlantısında mühüm rol oynayır.
O bildirib ki, Zəngəzur dəhlizinin reallaşması da bu bağlantının imkanlarını daha da genişləndirə bilər.
Elnarə Akimova Türk dünyasının gələcək gücünün yalnız ərazi, əhali və təbii sərvətlərlə deyil, mövcud potensialın vahid iqtisadi və logistika sisteminə çevrilməsi ilə müəyyən olunacağını bildirib.
Deputat təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın da əhəmiyyətini diqqətə çatdırıb. O qeyd edib ki, Türk dövlətləri arasında hərbi və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi qarşılıqlı təcrübə mübadiləsi və müxtəlif təhlükələrə birgə cavab vermək imkanlarını gücləndirə bilər.
Bununla yanaşı, Akimova Türk dünyasının inteqrasiyasında təhsil, elm, mədəniyyət, gənclər siyasəti, media və rəqəmsal texnologiyaların mühüm rol oynadığını vurğulayıb.
Onun sözlərinə görə, tələbə və müəllim mübadiləsinin, universitetlərarası əlaqələrin və akademik mobilliyin genişləndirilməsi gələcək nəsillər arasında daha sıx əlaqələrin formalaşmasına imkan yaradacaq.
Deputat rəqəmsal əməkdaşlığın da perspektivli istiqamətlərdən biri olduğunu bildirib. O, süni intellekt, kibertəhlükəsizlik, elektron ticarət, rəqəmsal dövlət xidmətləri və rəqəmsal nəqliyyat sistemləri üzrə Türk dövlətləri arasında ortaq layihələrin həyata keçirilməsinin mühüm nəticələr verə biləcəyini qeyd edib.
Akimovanın fikrincə, qarşıdakı mərhələdə əsas məqsəd Türk Dövlətləri Təşkilatını yalnız siyasi sammitlərin keçirildiyi platformadan real iqtisadi və institusional gücə malik təşkilata çevirmək olmalıdır.
“Ortaq nəqliyyat strategiyası, investisiya fondları, sənaye kooperasiyası, enerji layihələri, rəqəmsal iqtisadiyyat, müdafiə sənayesi, ərzaq təhlükəsizliyi, elm və təhsil üzrə konkret mexanizmlər yaradılmalıdır”, – deyə deputat bildirib.
Elnarə Akimova Azərbaycanın Türk dünyasında investisiya və biznes forumlarının əsas mərkəzlərindən birinə çevrilə biləcəyini, Azərbaycan şirkətlərinin Mərkəzi Asiyada fəaliyyətinin genişləndirilməsinin və qarşılıqlı investisiyaların artırılmasının əlaqələri daha da möhkəmləndirəcəyini vurğulayıb.
Deputat hesab edir ki, Türk dünyasının inteqrasiyası yalnız ortaq tarix və mədəniyyət üzərində qurulan ideya deyil, XXI əsrin reallıqlarına cavab verən strateji layihə kimi inkişaf etdirilməlidir.
“Türk dünyasının gələcəyi yalnız keçmişimizin xatirələrində deyil, bu gün qurduğumuz körpülərdədir. Qarşımızda duran əsas vəzifə bu yaxınlığı siyasi şüardan iqtisadi gücə, mədəni bağlılıqdan institusional əməkdaşlığa, ortaq tarixdən ortaq gələcəyə çevirməkdir”, – deyə deputat bildirib.

 

Mənbə: Odlar.media