Odlar.media xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti dünya bazarında yenidən ucuzlaşıb.
İtaliyanın Augusta limanında CIF bazasında “Azeri Light” neftinin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,2 dollar və ya 3,36 faiz azalaraq 91,93 dollar təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light”ın qiyməti isə 3,12 dollar və ya 3,4 faiz ucuzlaşaraq 88,50 dollar/barel səviyyəsinə düşüb.
Digər neft markalarında da azalma qeydə alınıb. “URALS” markalı xam neftin bir barelinin qiyməti 3,52 dollar və ya 5,14 faiz azalaraq 64,89 dollar olub. “Dated Brent” markalı neftin qiyməti isə 3,6 dollar və ya 3,89 faiz ucuzlaşaraq 89 dollar/barel təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 dollar/barel səviyyəsində nəzərdə tutulub.
Dünya bazarında neft qiymətlərinin geriləməsi əsasən Yaxın Şərqdəki son diplomatik proseslərlə əlaqələndirilir. İran və Oman arasında Hörmüz boğazında müvəqqəti birgə dəniz dəhlizinin yaradılması imkanlarının müzakirə edilməsi bazarda təkliflə bağlı narahatlıqları azaldıb.
Məlumata görə, tərəflər arasında texniki danışıqlar davam etdiriləcək. Müzakirələr zamanı Hörmüz boğazının gələcək idarə olunması, məlumat mübadiləsi, gəmi hərəkətinin tənzimlənməsi, eləcə də dəniz və təhlükəsizlik xidmətlərinin təşkili məsələləri nəzərdən keçirilir.
Bununla yanaşı, Pakistanın ordu rəhbərinin diplomatik səylərə dəstək məqsədilə Tehrana səfər etdiyi, Qətərin isə vasitəçilik fəaliyyətini davam etdirdiyi bildirilir.
Neft qiymətlərinə təzyiq göstərən digər amil ABŞ-ın İrana qarşı iqtisadi təzyiqi artırmaq məqsədilə tətbiq etdiyi son tədbirlərin bazar gözləntilərindən daha yumşaq olmasıdır. Vaşinqtonun hələlik İranla ticarət aparan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməkdən çəkinməsi də bazarda qiymətlərin aşağı düşməsinə təsir edən amillər sırasında göstərilir.
