🌐 Keçmişin izi, gələcəyin sözü
26 Avqust 2026, saat 06:08   •   🌡️ Bakı

Trampın yadplanetlilərlə bağlı açıqlaması gündəm oldu: “Onlar okeandadır”

Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Yer kürəsinin okeanlarında yadplanetlilərin yaşadığına inandığı barədə iddia yayılıb.
“Daily Star”ın məlumatına görə, bu iddianı televiziya aparıcısı və paranormal hadisələr üzrə tədqiqatçı Cek Osborn səsləndirib.
Osbornun sözlərinə görə, onun dostlarından biri Trampın yaxın çevrəsində yer alır və ABŞ prezidenti ilə hər həftə telefonla danışır. Onun iddiasına əsasən, söhbətlərin birində dostu Trampdan naməlum uçan obyektlər barədə soruşub.
Osborn bildirib ki, Trampın cavabı belə olub: “Bunların kim olduğunu bilmirik, amma onlar okeandadır”.
Televiziya aparıcısı bu fikrin maraqlı olduğunu vurğulayıb və okeanların böyük hissəsinin hələ də tam araşdırılmadığını qeyd edib. Osborn həmçinin yadplanetlilərin insanları müşahidə etdiyini, lakin onların həyatına müdaxilə etməməyə çalışdığını iddia edib.
O, bunu insanların Benqal körfəzində yerləşən Şimali Sentinel adasının yerli sakinlərinin həyatına müdaxilə etməməsi ilə müqayisə edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Milli Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Devid Qruş Yer kürəsində çoxsaylı yadplanetli növlərinin mövcud olduğunu iddia etmişdi. Qruş ABŞ hakimiyyətinin yadplanetlilərə aid olduğu bildirilən qalıqları araşdırdığı bir neçə hadisədən xəbərdar olduğunu da söyləmişdi.
Qeyd: Trampın bu sözləri ilə bağlı rəsmi təsdiq yoxdur və açıqlama hazırda Cek Osbornun iddiası kimi təqdim olunur.