Odlar.media xəbər verir ki, Ukrayna Müdafiə Qüvvələri Xarkov vilayətinin Kupyansk rayonunda yerləşən Zapadnoye kəndi yaxınlığında nəzarəti bərpa edib.
Ukraynanın analitik monitorinq layihəsi “DeepState”in məlumatına görə, Ukrayna qüvvələri Zapadnoye ilə Dvoriçna arasındakı ərazidə irəliləyərək Rusiya qüvvələrini bir sıra mövqelərdən geri çəkilməyə məcbur edib.
“Ukrayna Müdafiə Qüvvələri Zapadnoye yaxınlığında nəzarəti bərpa edib”, – deyə “DeepState” bildirib.
Məlumata görə, Ukrayna hərbçiləri Zapadnoyenin şimal hissəsinə nəzarəti ələ keçirib, həmçinin Dvoriçnanın cənub-qərbindəki meşəlik ərazini təmizləyib. Ümumilikdə bu istiqamətdə 6-7,5 kvadratkilometr ərazinin azad edildiyi bildirilir.
Qeyd edək ki, Zapadnoye Xarkov vilayətinin Kupyansk rayonunda, Dvoriçna icmasının ərazisində yerləşən yaşayış məntəqəsidir. “DeepState” xəritəsinə əsasən, Zapadnoyenin bir hissəsi hələ də işğal zonasında və ya “boz zona”da qalır, Dvoriçna isə Rusiya qüvvələrinin nəzarətindədir.
