Odlar.media xəbər verir ki, sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılacaq.
Bu, Baş nazir Əli Əsədovun aprelin 14-də imzaladığı müvafiq qərarın qüvvəyə minməsi ilə əlaqədardır.
Qərara əsasən, ödənişlər hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıqlardan istifadə etməklə su obyektlərindən su götürülməsinə, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılmasına və su akvatoriyasından istifadəyə şamil ediləcək.
Su götürülməsinə görə ödənişlər
Ödənişin məbləği su obyektinin növündən və istifadənin məqsədindən asılı olaraq dəyişəcək.
Sənaye məqsədilə:
Xəzər dənizindən 100 kubmetr suyun götürülməsinə görə – 0,4 manat;
çay və göllərdən 100 kubmetr suyun götürülməsinə görə – 4 manat;
yeraltı sulardan 100 kubmetr suyun götürülməsinə görə – 40 manat ödəniləcək.
Tullantı sularının axıdılmasına görə isə Xəzər dənizinə 100 kubmetr üçün 1 manat, çay və göllərə 100 kubmetr üçün 4 manat müəyyən edilib.
Kimlər ödənişdən azad ediləcək?
Təbii su mənbələrindən aşağıdakı məqsədlərlə götürülən suya görə ödəniş tutulmayacaq:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin emal edilməmiş su ilə təmin edilməsi;
Agentlik tərəfindən içməli su təchizatı;
“Azərenerji” ASC tərəfindən elektrik enerjisi istehsalı üçün sudan istifadə.
Ümumi istifadədə olan və hər kəs üçün açıq su obyektlərindən fiziki şəxslər şəxsi ehtiyaclarını təmin etmək məqsədilə ödənişsiz istifadə edə biləcəklər. Bura çimərlikdən, qayıqla gəzintidən, idmandan, balıq və digər su bioresurslarının həvəskar ovundan, mal-qaranın suvarılmasından və texniki qurğulardan istifadə etmədən su götürülməsindən yararlanma daxildir.
İcazə necə alınacaq?
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə etmək istəyən şəxslər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ərizə ilə müraciət etməlidirlər.
Ərizəçi istifadə növündən və hüquqi statusundan asılı olaraq tələb olunan sənədləri təqdim etməli, icazə aldıqdan sonra müqavilə bağlamalı və müəyyən edilmiş ödənişləri həyata keçirməlidir.
Qərarda balıqçılıq və akvakultura məqsədilə yerüstü sulardan götürülən suyun drenaj sistemlərinə axıdılması üçün 10 əmsal, tullantı sularının təmizləyici qurğular vasitəsilə müəyyən edilmiş normalara çatdırılaraq su obyektlərinə axıdılması üçün isə 0,7 əmsal tətbiqi nəzərdə tutulur.
Bununla yanaşı, tullantı sularının su obyektlərinə axıdılmasına görə müəyyən edilən ödənişlər həmin şəxsləri çirkləndirici maddələrin axıdılmasına görə nəzərdə tutulmuş digər ödənişlərdən azad etməyəcək.
Torpaq sahibləri isə öz ərazilərində mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyular qazmaq və onlardan şəxsi ehtiyacları üçün istifadə etmək imkanına malik olacaqlar. Bu halda yerin təkindən istifadəyə görə ödəniş tutulmayacaq.
