🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:18   •   🌡️ Bakı

Xalq artisti, görkəmli bəstəkar Tofiq Bakıxanov vəfat edib

Odlar.media xəbər verir ki, görkəmli bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanov vəfat edib. Bu barədə “Report”a sənətkarın ailəsindən məlumat verilib.
Tofiq Əhmədağa oğlu Bakıxanov 8 dekabr 1930-cu ildə Bakıda, tanınmış tarzən, Azərbaycanın Xalq artisti Əhməd Bakıxanovun ailəsində anadan olub.
O, ilk musiqi təhsilini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki onillik musiqi məktəbində – indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbində alıb.
Tofiq Bakıxanov yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına mühüm töhfələr verib. Onun “Nəva”, “Humayun”, “Rahab”, “Şahnaz” və “Dügah” simfonik muğamları, eləcə də digər çoxsaylı əsərləri milli musiqi xəzinəmizin dəyərli nümunələri sırasında yer alır.
Bəstəkarın əsərləri yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də böyük maraq və rəğbətlə qarşılanıb.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli və səmərəli xidmətlərinə görə Tofiq Bakıxanov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif edilib.
Tofiq Bakıxanov Azərbaycan professional musiqisinin inkişafında silinməz iz qoymuş sənətkarlardan biri kimi milli mədəniyyət tariximizdə daim yaşayacaq.