Odlar.media xəbər verir ki, Mədəniyyət Nazirliyi Xalq artisti, görkəmli bəstəkar, pedaqoq və professor Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb.
Nekroloqda bildirilib ki, Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tofiq Bakıxanov avqustun 23-də, ömrünün 96-cı ilində vəfat edib.
Tofiq Əhmədağa oğlu Bakıxanov 8 dekabr 1930-cu ildə Bakıda ustad tarzən, pedaqoq və Xalq artisti Əhməd Bakıxanovun ailəsində anadan olub. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki onillik musiqi məktəbində, indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbində skripka ixtisası üzrə təhsil alıb.
Bəstəkar 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını skripka, 1957-ci ildə isə bəstəkarlıq ixtisası üzrə bitirib. Skripka üzrə Aleksandr Amitonun, bəstəkarlıq üzrə isə Qara Qarayevin sinfində təhsil alıb.
Tofiq Bakıxanov tələbəlik illərindən etibarən ifaçılıq fəaliyyəti ilə də məşğul olub. O, Azərbaycan Dövlət Simfonik Orkestrində və Azərbaycan Radiosunun simfonik orkestrində solist kimi fəaliyyət göstərib.
Zəngin yaradıcılıq irsinə malik sənətkar üç baletin – “Xəzər balladası”, “Şərq poeması”, “Xeyir və Şər”, beş simfonik muğamın – “Nəva”, “Şahnaz”, “Rahab”, “Hümayun”, “Dügah”, səkkiz simfoniyanın, 100-ə yaxın mahnı və romansın müəllifidir.
Bəstəkar Nəriman Məmmədovla birlikdə “Altı qızın biri pəri”, “Məmmədəli kurorta gedir” və “Qız görüşə tələsir” komediyalarına musiqi yazıb. Onun yaradıcılıq irsinə həmçinin skripka, viola, violonçel və fleyta ilə fortepiano üçün 20-dən artıq sonata, müxtəlif kamera əsərləri və simfonik orkestr üçün 26 konsert daxildir.
Professor Tofiq Bakıxanov yarım əsrdən çox Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərib, yeni musiqiçi nəsillərinin yetişdirilməsinə mühüm töhfələr verib.
Sənətkar beynəlxalq festivallarda iştirak edib, Türkiyə, İran, Bolqarıstan, Gürcüstan və Rusiyada müəllif konsertləri verib. Onun yaradıcılığı Fransa və Şimali Kipr Türk Cümhuriyyətində keçirilən beynəlxalq musiqi tədbirlərində də təqdim olunub.
Tofiq Bakıxanovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1973-cü ildə “Əməkdar incəsənət xadimi”, 1990-cı ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Sənətkar “Şöhrət” (2000), “Şərəf” (2021) və 1-ci dərəcəli “Əmək” (2025) ordenləri ilə təltif edilib. O, 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü olub.
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatından kədərləndiyini bildirərək mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!
