Odlar.media xəbər verir ki, işğaldan azad edildikdən sonra Laçın rayonunda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, doğma yurdlarından uzun illər ayrı düşmüş sakinlərin mərhələli şəkildə geri qayıdışı davam edir.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Laçının azad olunmasından sonra rayonda qısa müddət ərzində məskunlaşma prosesinə başlanılıb. Hazırda yüzlərlə ailə öz ata-baba yurduna qayıdaraq burada məskunlaşıb.
Deputat qeyd edib ki, avqust ayı Azərbaycan tarixində Laçının işğaldan azad edilməsi ilə də əlamətdardır. Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən sonra rayon 2020-ci il dekabrın 1-də Azərbaycana qaytarılıb. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülüb. Prezidentin sərəncamına əsasən, 26 avqust Laçın Şəhəri Günü kimi qeyd olunur.
Vüqar Bayramovun sözlərinə görə, hazırda Laçın rayonunda ümumilikdə 979 ailə, yəni 3665 nəfər məskunlaşıb.
Onun sözlərinə görə:
614 ailə (2264 nəfər) Laçın şəhərində;
217 ailə (823 nəfər) Zabux kəndində;
59 ailə (215 nəfər) Sus kəndində;
89 ailə (363 nəfər) Bəylik kəndində məskunlaşıb.
Deputat bildirib ki, Böyük Qayıdış Proqramına uyğun olaraq Laçın rayonunda sakinlərin doğma yurdlarına köçürülməsi prosesi davam etdirilir.
Onun sözlərinə görə, işğal dövründə dağıdılmış və uzun müddət baxımsız vəziyyətdə qalmış Laçın bu gün sürətlə yenidən qurulur və regionun mühüm mərkəzlərindən birinə çevrilir.
