🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 05:31   •   🌡️ Bakı

Dövlət Məşğulluq Agentliyinin fəaliyyətində rekord artım: 2025-ci ildə 189 min nəfər işlə təmin edilib

Odlar.media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramlarının əhatə dairəsi son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Məşğulluq xidmətlərində innovativ və rəqəmsal həllərin tətbiqinin artırılması da vətəndaşların əmək bazarına çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya bildirilib ki, Agentlik tərəfindən 2024-cü ildə 160 min nəfər işlə təmin olunub. Bu göstərici 2023-cü illə müqayisədə 42 min nəfər çoxdur. Həmin dövrdə peşə hazırlığına cəlb edilən şəxslərin sayı da 9,5 mindən 15,6 minə yüksəlib.
2025-ci ildə isə aktiv məşğulluq tədbirlərinə cəlb olunanların ümumi sayı 567 min nəfərə çatıb. Bu, 2024-cü ilin 396,7 min nəfərlik göstəricisindən 70 mindən çox artım deməkdir. İşlə təmin olunanların sayı isə bir il ərzində 29 min nəfər artaraq 189 minə yüksəlib.
Beləliklə, cəmi iki il ərzində Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin edilən şəxslərin illik sayı 62 faiz və ya 71 min nəfər artıb.
Məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması və innovativ həllərin tətbiqi istiqamətində də mühüm layihələr həyata keçirilib. 2025-ci ildə “Əmək və Məşğulluq” altsistemində “İşədüzəlmədə vasitəçilik”, “İşsizlikdən sığorta ödənişi”, “Kvota”, “Peşə hazırlığı” və digər modullar üzrə yeni funksionallıqlar yaradılıb.
Ötən il peşəyönümü və karyera planlamasına dəstək məqsədilə Mərkəzi Karyera Portalı istifadəyə verilib. Həmçinin işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı proseslər tam elektronlaşdırılıb.
Məşğulluq xidmətlərində süni intellektdən istifadə istiqamətində də yeni layihələrin hazırlandığı bildirilib. Bu layihələrin əsas məqsədi işaxtaranların əmək bazarında daha düzgün istiqamətləndirilməsi və onların uyğun vakansiyalara çıxış imkanlarının artırılmasıdır.
Agentlik işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi çərçivəsində yeni layihələr də həyata keçirir. O cümlədən kvotadan əlavə yaradılan iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi və məqsədli proqramlar üzrə işlər aparılır. İnklüziv məşğulluğun dəstəklənməsi məqsədilə “Sosial notlar” və “Biznesin sədası” layihələrinə də start verilib.
Cari ildə əlilliyi olan şəxslər və digər həssas qrupların 9 istiqamət üzrə kiçik biznes qurmasına dəstək göstərəcək “İnklüziv məşğulluq” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Bundan başqa, özünüməşğulluq proqramı çərçivəsində bizneslərini uğurla quran və inkişaf etdirən şəxslərə əlavə dəstək verən “Həvəsləndirmə mükafatları” layihəsi də həyata keçirilir.
“İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramının əhatə dairəsi də genişləndirilib. 2026-cı ilin ilk yarısında proqram çərçivəsində 200-dək işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb və 1000-dən çox şəxs işlə təmin edilib.
Bu il Agentliyin mühüm layihələrindən biri də “Azərbaycandan işçi qüvvəsinin ixracı” proqramıdır. Layihə xaricdə rəsmi və təminatlı iş imkanlarından yararlanmaq istəyən vətəndaşlara dəstək göstərməyi hədəfləyir.
Özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələri də genişləndirilib. 2025-ci ildə proqram üzrə daha 5 yeni aktiv zərfi əlavə olunub, digər zərflərin tərkibi isə təkmilləşdirilib. Həmçinin ilk dəfə klaster əsaslı özünüməşğulluq modelinin tətbiqinə başlanılıb.
İşğaldan azad edilmiş ərazilərdə də məşğulluğun təmin edilməsi istiqamətində işlər davam etdirilir. Doğma yurdlarına qayıdan sakinlərin işlə təmin olunması, yeni peşələrə yiyələnməsi və özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə bizneslərinin yaradılması əsas istiqamətlər sırasındadır.
Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinin beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyi qeyd olunub. Belə ki, Agentlik 2025-ci ildə və 2026-cı ilin ötən dövründə 20-dək beynəlxalq mükafat və sertifikata layiq görülüb. Həmçinin 2025-ci ildə Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının Avropa regionu üzrə İdarə Heyətinə üzv seçilib.