🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:54   •   🌡️ Bakı

Pakistan hökuməti İmran Xanın xəstəxanaya köçürülməsi qərarına qarşı çıxır

Odlar.media xəbər verir ki, Pakistan hökuməti keçmiş baş nazir İmran Xanın həbsxanadan xəstəxanaya köçürülməsi barədə Ali Məhkəmənin qərarına etiraz etməyə hazırlaşır.
Ölkənin ədliyyə naziri Azam Nazir Tarar bildirib ki, məhkəmənin qərarı hüquqi normalara uyğun deyil. Onun sözlərinə görə, hökumət qərara yenidən baxılması və dəyişdirilməsi üçün məhkəməyə müraciət edəcək.
“Qanuna əsasən, məhkum müalicəni ya həbsxanada, ya da dövlət xəstəxanasında almalıdır”, – deyə nazir vurğulayıb.
Tarar qərarın Pakistanın bütövlükdə penitensiar sisteminə mümkün təsirlərinə də diqqət çəkib.
Qeyd edək ki, Ali Məhkəmə korrupsiya ittihamı ilə həbsdə olan İmran Xanın səhhəti ilə əlaqədar həbsxanadan xəstəxanaya köçürülməsinə qərar verib. Sabiq baş nazir növbəti məhkəmə iclasınadək tibbi müayinə və müalicə üçün “Şəfa” xəstəxanasına göndəriləcək.
Məhkəmə hakimiyyət orqanlarına Xanın tibbi sənədlərinin təqdim olunmasını da tapşırıb. Eyni zamanda, müxalif “Ədalət Uğrunda Hərəkat” Partiyasından liderinin səhhəti ilə bağlı məsələnin siyasiləşdirilməməsi xahiş olunub.
İmran Xanın partiyası məhkəmənin qərarını alqışlayaraq onun dərhal icra edilməsini tələb edib. Keçmiş baş nazirin tərəfdarları və ailəsi daha əvvəl də onun səhhəti, xüsusilə görmə qabiliyyətinin pisləşməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.
İmran Xan 2018–2022-ci illərdə Pakistanın baş naziri olub. O, 2022-ci il aprelin 10-da parlamentdə keçirilən etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb. Siyasətçi 2023-cü ildən korrupsiya ittihamı üzrə 14 illik həbs cəzası çəkir. Onun həyat yoldaşı Büşra Bibi də eyni ittihamla 7 il müddətinə azadlıqdan məhrum edilib.