Odlar.media xəbər verir ki, mərhum Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər anası ilə bağlı xatirələrini bölüşüb.
Gövhər “Baku TV”yə açıqlamasında anasının övladı üçün çətinliklərə dözdüyünü və həyatının sonunadək səhnədən ayrılmadığını bildirib.
“Anam riskə gedən, övladı üçün çətinliyə dözən qadın olub. Anamı ancaq gecələr görürdüm. İşi ilə bağlı gec gəlirdi. Bəzən heç gecəni gözləyə bilmirdim, yatırdım. Ona görə də anamla xatirələrimiz azdır”, – deyə Gövhər qeyd edib.
O bildirib ki, Xanım Qafarova hamiləlik dövründə belə çalışıb və səhnəyə bağlılığından imtina etməyib:
“Anam mənə hamilə olanda da çox işləyib, səhnəyə bağlı olub. Çox çalışıb ki, özünə gün ağlasın. Anam 40 yaşında ailə həyatı qurub, 46 yaşında dünyasını dəyişib. Mənim məktəbə getdiyimi görə bilmədi. Onun nə evlilik, nə də iş həyatında uğuru, yaxşı günü olmayıb”.
Gövhər valideynlərinin ayrıldığını, lakin atasının ölənədək onunla əlaqə saxladığını bildirib. O, uşaqlıq illərində ana qayğısından məhrum qaldığını deyib:
“Atamla anam ayrılmışdı, amma atamla əlaqəm var idi. 2023-cü ildə atam vəfat etdi. Mən ana qayğısı görməmişəm. Nənəm və xalamla qalmışam. Nənəmi anam kimi sevmişəm”.
Gövhər anasının səhhətinə lazımi diqqət yetirmədiyini və xəstə olmasına baxmayaraq səhnəyə çıxmağa davam etdiyini də vurğulayıb:
“Anam səhhətinə səhlənkar yanaşırdı. Müalicə ala-ala yenə səhnəyə çıxırdı. Saçları tökülmüşdü, pariklə səhnəyə çıxırdı. Bunları mənə xalam və nənəm danışırdı. Uşaq idim, dua edirdim ki, anam sağalsın. ‘Allahım, anamı alma’ deyirdim. Dualarım qəbul olmadı”.
O, daha sonra nənəsini və xalasını da itirdiyini, bu itkilərin onun üçün ağır olduğunu söyləyib:
“Nənəm yıxıldı, ayağı zədələndi. Xalam, övladları ona baxırdı. Nənəm rəhmətə getdi, toparlanmağa çalışdım. Universitetə imtahan verirdim, evə qayıdanda xalam vəfat etdi”.
Qeyd edək ki, Əməkdar artist Xanım Qafarova xərçəng xəstəliyindən əziyyət çəkib və 2014-cü ildə 46 yaşında vəfat edib.
