🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:58   •   🌡️ Bakı

Birlikdə idman edən cütlüklərin münasibətlərində stress daha az olur

Odlar.media xəbər verir ki, həyat yoldaşlarının birlikdə idmanla məşğul olması onların münasibətlərində ünsiyyətin yaxşılaşmasına və stressin azalmasına kömək edə bilər.
Briqham Yanq Universitetinin alimləri tərəfindən aparılan araşdırmada təxminən 1,7 min gənc evli cütlüyün məlumatları təhlil edilib. Tədqiqatçılar fərdi məşqlərlə həyat yoldaşlarının birlikdə həyata keçirdiyi fiziki aktivliyin münasibətlərə təsirini müqayisə ediblər.
Nəticələr göstərib ki, müntəzəm fiziki aktivlik ümumilikdə münasibətlərə müsbət təsir göstərir. Lakin birlikdə idman edən cütlüklərdə ünsiyyətin daha yaxşı olduğu, münaqişələrin daha sakit şəkildə həll edildiyi və evlilikdə stress səviyyəsinin nisbətən aşağı olduğu müşahidə olunub.
Xüsusilə gəzinti və yürüşlərin cütlüklərin münasibətlərinə müsbət təsir göstərdiyi müəyyənləşdirilib. Alimlər bunu gəzinti zamanı tərəfdaşların bir-biri ilə söhbət etmək üçün daha çox imkan əldə etməsi ilə əlaqələndirirlər. Araşdırma iştirakçıları arasında ən geniş yayılmış birgə fiziki aktivlik növü də məhz gəzinti olub.
Professor Ceremi Yorgensonun sözlərinə görə, birlikdə məşq etmək cütlüklərə münaqişələri daha dinc şəkildə həll etməyə kömək edə bilər. İştirakçılar həmçinin həyat yoldaşlarını daha yaxşı dinlədiklərini və onlardan daha çox dəstək hiss etdiklərini bildiriblər.
Bununla belə, tədqiqatçılar birgə idmanı münasibətlərdə yaranan problemlərin universal həlli hesab etmirlər. Xüsusilə azyaşlı övladları olan cütlüklər üçün birlikdə məşq etməyə vaxt ayırmaq çətin ola bilər.
Alimlərin fikrincə, müntəzəm fiziki aktivlik həyat yoldaşlarının birlikdə daha çox vaxt keçirməsinə, ünsiyyəti qorumasına və münasibətlərini möhkəmləndirməsinə kömək edən vasitələrdən biri ola bilər.