Odlar.media xəbər verir ki, Şotlandiyanın “Seltik” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu qələbə ilə başa vurub.
Qlazqo təmsilçisi doğma meydanda Avstriyanın “LASK” klubunu qəbul edib. Qarşılaşma “Seltik”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin qələbəsində əsas pay bu yay “Qarabağ”dan “Seltik”ə transfer olunan kolumbiyalı hücumçu Kamilo Duranın olub. Start heyətində meydana çıxan futbolçu qarşılaşmanın ən yaxşılarından biri kimi diqqət çəkib.
Duran 38-ci və 67-ci dəqiqələrdə rəqib qapısına yol taparaq dubl edib və komandasının böyükhesablı qələbəsində mühüm rol oynayıb.
Kolumbiyalı hücumçu 83-cü dəqiqədə Hayssem Hassanla əvəzlənib.
Beləliklə, “Seltik” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq yolunda mühüm üstünlük əldə edib.
