🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:58   •   🌡️ Bakı

Avqustun 28-də Ayın böyük hissəsi qırmızımtıl rəngə boyanacaq

Odlar.media xəbər verir ki, avqustun 28-də baş verəcək dərin qismən Ay tutulması zamanı Ayın təxminən 93 faizi Yerin kölgəsinin ən qaranlıq hissəsi olan umbraya daxil olacaq. Bu səbəbdən Ayın böyük hissəsinin qırmızımtıl və mis rəngli görünməsi gözlənilir.
Astronomların sözlərinə görə, Ay tutulması zamanı Yer Günəşlə Ayın arasına daxil olur. Günəş şüalarının bir hissəsi Yer atmosferindən keçərək Ayın səthinə çatır. Atmosfer mavi işığı daha çox səpələdiyi üçün qırmızı və narıncı çalarlı işıq Ayın səthini işıqlandırır və ona mis-qırmızı rəng verir. Tutulmanın rəngi atmosferin vəziyyətindən asılı olaraq dəyişə bilər.
Avqustun 28-dəki hadisə tam deyil, dərin qismən Ay tutulması olacaq. Ayın yalnız kiçik bir hissəsi Yerin tam kölgəsindən kənarda qalacaq.
Azərbaycanda tutulmanın penumbral mərhələsi Bakı vaxtı ilə təxminən 05:24-də başlayacaq, əsas qismən tutulma isə daha sonra başlayaraq səhər saatlarında maksimum mərhələsinə çatacaq. Ümumi tutulma prosesi təxminən 11:02-də başa çatacaq.
Təbiət hadisəsini Avropa, Asiyanın qərbi, Afrika və Şimali Amerikanın bir sıra ərazilərindən, həmçinin Cənubi Amerikadan və okeanların bəzi hissələrindən müşahidə etmək mümkün olacaq.