🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:15   •   🌡️ Bakı

Bakıda 33°, rayonlarda 37° isti olacaq — hava proqnozu

Odlar.media xəbər verir ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu gecə 22-25°, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz isə 50-55% olacaq.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin gün ərzində bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur.

Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Rayonlarda şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24°, gündüz 32-37° isti olacaq. Dağlıq ərazilərdə gecə 12-17°, gündüz isə 20-25° isti təşkil edəcək.