Odlar.media xəbər verir ki, son günlər Rusiyanın bir sıra media və informasiya platformalarında Azərbaycana, Azərbaycan xalqına və ölkə rəhbərliyinə qarşı səsləndirilən aqressiv və təhqiramiz fikirlər ciddi narahatlıq doğurur. Təhdid, zorakılığa çağırış və Azərbaycanın daxili siyasi proseslərinə müdaxilə cəhdlərini ehtiva edən bu ritorikanı adi media polemikası kimi qiymətləndirmək mümkün deyil.
Jurnalistikanın əsas vəzifəsi cəmiyyəti məlumatlandırmaq, faktları araşdırmaq, suallar vermək və müxtəlif mövqeləri təqdim etməkdir. Bir xalqı, onun dövlətini və demokratik yolla seçilmiş siyasi rəhbərliyini hədəfə almaq, təhqir və zorakılığa çağırışlardan istifadə etmək isə jurnalistikanın mahiyyətindən uzaqdır. Bu, informasiya müstəvisində təzyiq göstərmək cəhdidir.
Məsələnin diqqətçəkən tərəfi isə bütün bunların Azərbaycan-Rusiya münasibətlərinin normallaşdırılması, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlığın genişləndirilməsi ilə bağlı siyasi səviyyədə verilən mesajların fonunda baş verməsidir. Bir tərəfdən dövlətlərarası münasibətlərdə əməkdaşlıqdan danışılır, digər tərəfdən isə müəyyən media platformalarında Azərbaycana qarşı aqressiv kampaniya aparılır.
Bu ziddiyyət təbii olaraq sual doğurur: Azərbaycan öz müstəqil siyasətini daha qətiyyətlə həyata keçirdikcə, bundan narahat olan qüvvələr niyə informasiya hücumlarını intensivləşdirirlər?
Cavab aydındır. Azərbaycan artıq hər hansı dövlətin regional təsir dairəsində hərəkət edən və qərarlarını başqalarının münasibətinə uyğunlaşdıran ölkə deyil. Azərbaycan öz milli maraqlarını əsas götürən, müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu münasibətlər quran və xarici siyasətinin istiqamətlərini özü müəyyən edən müstəqil dövlətdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas xüsusiyyətlərindən biri də məhz budur: Azərbaycan heç bir dövlətə qarşı düşmənçilik siyasəti aparmır, lakin heç bir tərəfin də ölkəmizin müstəqil qərarvermə hüququna müdaxilə etməsinə imkan vermir.
Bu yanaşmanın bəzi dairələri narahat etməsi mümkündür. Çünki güclənən Azərbaycan əvvəlki geosiyasi təsəvvürlərə sığmır. Vətən müharibəsində ərazi bütövlüyünün və suverenliyin bərpa olunması yalnız tarixi ədalətin təmin edilməsi ilə nəticələnmədi, eyni zamanda Cənubi Qafqazda yeni siyasi reallıq formalaşdırdı.
Sonrakı mərhələdə Azərbaycanın nəqliyyat, enerji və diplomatik imkanlarının genişlənməsi, Türk dövlətləri ilə əlaqələrin dərinləşməsi, Avropa ilə strateji tərəfdaşlığın inkişaf etdirilməsi və regional kommunikasiya layihələrində təşəbbüskar mövqeyin gücləndirilməsi ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırdı.
Bu gün Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm bağlantı məkanlarından biridir. Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Orta Dəhliz və Zəngəzur istiqamətində formalaşan yeni nəqliyyat perspektivləri Azərbaycanın regional və beynəlxalq əhəmiyyətini artırır.
Azərbaycan enerji, nəqliyyat və siyasi dialoq baxımından artıq hesablaşılmalı tərəfdaşdır. Ölkəmizin müstəqil və çoxvektorlu siyasət yürütməsi isə əvvəlki təsir mexanizmlərinin qorunmasını istəyən müəyyən çevrələr üçün narahatlıq mənbəyinə çevrilə bilər.
Lakin mühüm həqiqət bundan ibarətdir ki, informasiya hücumları Azərbaycanın siyasi iradəsini dəyişmək gücündə deyil. Əksinə, təhdid dili və təhqiramiz ritorika cəmiyyətdə dövlətçilik mövqelərinin daha da möhkəmlənməsinə səbəb olur.
Azərbaycan xalqı bu cür kampaniyaların mahiyyətini artıq yaxşı anlayır. Vətən müharibəsi və sonrakı dövrdə dəfələrlə müşahidə etdik ki, ölkəmizin haqq mövqeyinə qarşı təzyiq və manipulyasiya cəhdləri nə qədər güclü olsa da, Azərbaycan öz strateji yolundan dönmədi.
Bu gün əsas məsələ hansısa ölkənin mediasında Azərbaycana münasibətdə nə yazılması deyil. Əsas məsələ dövlətimizin milli maraqlarını necə qoruması və suverenliyini necə müdafiə etməsidir. Dövlətin gücü həm də təxribatlar qarşısında emosional qərarlar verməməkdə, lakin milli ləyaqətə, suverenliyə və dövlətçilik prinsiplərinə toxunan məsələlərdə qətiyyətli mövqe nümayiş etdirməkdədir.
Azərbaycan məhz bu balansı qoruyur.
Eyni zamanda, Rusiyanın müəyyən media qurumlarında Azərbaycana qarşı aparılan kampaniyanı bütövlükdə Rusiya xalqının mövqeyi kimi təqdim etmək düzgün deyil. Azərbaycanla Rusiya arasında tarixi, humanitar və iqtisadi əlaqələr mövcuddur. Ayrı-ayrı media platformalarının məsuliyyətsiz və təxribatçı çıxışları iki xalq arasında münasibətlərin mahiyyətini müəyyən edə bilməz.
Azərbaycan xalqının Rusiya xalqına münasibəti ilə konkret siyasi və informasiya dairələrinin Azərbaycana qarşı mövqeyini eyniləşdirmək doğru yanaşma deyil. Burada söhbət iki xalq arasında münasibətlərdən deyil, Azərbaycana qarşı təhdid və təhqir ritorikasından gedir.
Ən mühüm məqam isə budur ki, bu cür informasiya kampaniyaları Azərbaycanın dövlət siyasətinə təsir göstərməyəcək. Çünki ölkəmizin xarici siyasətinin nəticələri real uğurlarla müşayiət olunur. Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisi artır, müxtəlif dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıqları genişlənir, Türk dünyasında mövqeyi möhkəmlənir, Avropa ilə enerji və nəqliyyat əməkdaşlığı inkişaf edir.
Azərbaycan eyni zamanda regionda sülh gündəliyinin formalaşmasında fəal rol oynayır. Bütün bunların əsas dayağı isə dövlətimizin öz gücünə və imkanlarına arxalanmasıdır.
Bu siyasətin arxasında Prezident İlham Əliyevin ardıcıl, prinsipial və uzaqgörən liderliyi dayanır. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Bu gün Prezident İlham Əliyev yalnız Azərbaycanın siyasi lideri kimi deyil, mürəkkəb geosiyasi proseslərdə mövqeyi nəzərə alınan və regional proseslərə təsir imkanlarına malik lider kimi qəbul olunur.
Azərbaycanın uğurlu xarici siyasəti bunun ən mühüm göstəricilərindən biridir.
Xalqın öz liderinə inamı da məhz real nəticələrdən qaynaqlanır. Vətən müharibəsində qazanılan Zəfər, ərazi bütövlüyünün və suverenliyin tam bərpası, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparılması və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi dövlət siyasətinə ictimai dəstəyin əsas amillərindəndir.
Xalq gördü ki, qarşıya qoyulan hədəflər sadəcə siyasi bəyanat olaraq qalmır, ardıcıl və məqsədyönlü şəkildə reallığa çevrilir.
Ona görə də bu gün Azərbaycana qarşı səsləndirilən təhdidlər əslində başqa bir həqiqəti də nümayiş etdirir: Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Öz gücünə güvənən, müstəqil qərarlar qəbul edən və regional proseslərin istiqamətinə təsir göstərən Azərbaycanla təzyiq dili ilə danışmaq mümkün deyil.
Azərbaycanın cavabı da məhz bu olmalıdır: təmkin, prinsipiallıq, dövlətçilik iradəsi və öz yolundan dönməmək.
Çünki müstəqillik yalnız bayraq, himn və sərhəd demək deyil. Müstəqillik həm də heç bir təzyiq qarşısında milli iradəni itirməmək, dövlətin və xalqın maraqlarını qətiyyətlə müdafiə etməkdir.
Bu gün Azərbaycan həmin iradəni nümayiş etdirir. Dövlətimizin yüksəlişindən narahat olanlar nə qədər informasiya səs-küyü yaratsalar da, reallıq dəyişmir: Azərbaycan öz yolunu özü seçir və bu yoldan geri dönmək niyyətində deyil.
Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru
Odlar.media
