Odlar.media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin müəssisə və mərkəzlərində, eləcə də qurumun sifarişi əsasında yaradılan günərzi və reabilitasiya mərkəzlərində hazırda 4 minədək uşağa müxtəlif sosial xidmətlər göstərilir.
ƏƏSMN-dən verilən məlumata görə, xüsusi qayğıya ehtiyacı olan, o cümlədən əlilliyi olan uşaqlardan 882 nəfəri stasionar, 2 936 nəfəri yarımstasionar, 165 nəfəri isə ambulator formada xidmətlərlə təmin olunur.
Məlumata əsasən, uşaqların reabilitasiya potensialının reallaşdırılması, funksional bacarıqlarının inkişaf etdirilməsi, gündəlik həyata və cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə müxtəlif istiqamətlərdə işlər aparılır.
Bununla yanaşı, uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklər təşkil edilir. Bu fəaliyyətlər vasitəsilə onların özünəxidmət bacarıqlarının artırılması, yaradıcılıq və təxəyyül qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində də xidmətlər göstərilir.
