Odlar.media xəbər verir ki, Azərbaycan Mətbuat Şurası Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərə qarşı təhqiramiz və təhdid xarakterli materialların yayılmasından narahatlığını ifadə edib.
Şuranın bəyanatında qeyd olunub ki, bu cür material və fikirlər sivil jurnalistika prinsiplərinə, peşə etikası normalarına və ümumbəşəri dəyərlərə ziddir. Mətbuat Şurası Rusiyanın informasiya məkanında analoji halların ardıcıl şəkildə müşahidə edilməsini təəssüf doğuran vəziyyət kimi qiymətləndirib.
Bəyanatda vurğulanıb ki, bu cür yanaşmalar Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, eləcə də iki ölkənin media qurumları arasındakı əlaqələrə tamamilə ziddir.
Mətbuat Şurası Azərbaycan mediasının qonşu ölkələr, o cümlədən Rusiya ilə bağlı məsələlərdə hər zaman həssas və peşəkar mövqe nümayiş etdirdiyini bildirib. Şuranın fikrincə, Azərbaycan ictimaiyyətində Rusiyanın informasiya məkanında yayılan bu kimi materiallar haqlı narazılıq və ciddi təəssüf doğurur.
Azərbaycan Mətbuat Şurası baş verən halları qətiyyətlə pisləyərək Rusiyanın media ictimaiyyətini və bütövlükdə cəmiyyətini Azərbaycan-Rusiya media əlaqələrinə, eləcə də xalqlar arasında dostluq münasibətlərinə xələl gətirə biləcək halların qarşısının alınması üçün ciddi tədbirlər görməyə çağırıb.
Şura bir daha bəyan edib ki, Azərbaycan dövlətinə, xalqına və onun görkəmli nümayəndələrinə qarşı təhqiramiz ifadələrin və təhdid xarakterli iddiaların səsləndirilməsi yolverilməzdir.
Bəyanatda, həmçinin qeyd olunub ki, Rusiya informasiya məkanının sərt qanunvericiliklə tənzimləndiyi bir şəraitdə belə materialların sistemli şəkildə yayılması ciddi suallar doğurur. Mətbuat Şurası bu cür ifadələrə yol verən şəxslərə hüquqi məsuliyyət daşıdıqlarını xatırladıb.
