🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:10   •   🌡️ Bakı

Alimlər Yerin məhv ola biləcəyi vaxtı açıqladılar – Günəş 5 milyard ildən sonra dəyişəcək

Odlar.media xəbər verir ki, amerikalı astronomlar Günəşin gələcəkdə keçəcəyi dəyişiklikləri araşdıraraq Yerin taleyi ilə bağlı mümkün ssenarini açıqlayıblar.
Astronomlar Günəşə bənzər ulduzların həyatlarının son mərhələsində necə dəyişdiyini müşahidə etməklə Günəşin təxminən 5 milyard ildən sonra keçəcəyi proseslər barədə təsəvvür formalaşdırıblar.
Bu məqsədlə Yerdən təxminən 5 min işıq ili uzaqlıqda, Əkizlər bürcündə yerləşən NGC 2392 planetar dumanlığı tədqiq edilib. NASA-nın məlumatına görə, bu obyekt Günəşə bənzər bir ulduzun həyatının son mərhələsini əks etdirir.
Ulduzlar həyatlarının böyük hissəsində nüvələrində hidrogeni heliuma çevirərək enerji istehsal edir. Nüvədə hidrogen ehtiyatı tükəndikcə ulduzun daxili quruluşu dəyişir və o, sürətlə genişlənərək qırmızı nəhəng mərhələsinə keçir.
Alimlərin hesablamalarına görə, Günəş də təxminən 5 milyard ildən sonra qırmızı nəhəngə çevrilə bilər. Bu mərhələdə onun ölçüsünün indiki diametrindən 100 dəfədən çox böyüməsi gözlənilir.
Nəticədə Merkurinin və Veneranın məhv olması, böyük ehtimalla isə Yerin də Günəş tərəfindən udulması və ya həyat üçün tamamilə yararsız vəziyyətə düşməsi mümkündür.
Daha uzaqda yerləşən planetlərin gələcək taleyi isə hələ tam məlum deyil.
Qeyd edək ki, söhbət “axirət günü”nün dini mənasından deyil, Günəşin təkamülü nəticəsində Yer üçün təxminən 5 milyard ildən sonra yarana biləcək astronomik təhlükədən gedir.