🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:09   •   🌡️ Bakı

Qeysəriyyə əməliyyatından sonra komaya düşən 28 yaşlı qadın vəfat edib

Odlar.media xəbər verir ki, “Baku Medical Plaza”da qeysəriyyə əməliyyatından sonra komaya düşən 28 yaşlı Şəhla Muxtar qızı Quliyeva vəfat edib.
Məlumata görə, əməliyyatdan sonra beyninə qan sızan və 20 gün komada qalan Şəhla Quliyevanın həyatını xilas etmək mümkün olmayıb. Onun yeni doğulan övladının vəziyyətinin normal olduğu bildirilir.
Qeyd edək ki, Şəhla Quliyeva “Azərbaycan Supermarket” MMC-də təchizat üzrə mütəxəssis kimi çalışıb.
Mərhumun yaxınları əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsinə görə mətbuata müraciət edərək “Baku Medical Plaza”nın ginekoloqu Təravət Hümbətovanı ittiham ediblər. Onların sözlərinə görə, əməliyyatdan təxminən 20 saat sonra Şəhlanın arterial təzyiqi 200-dən yuxarı qalxıb və nəticədə beyninə güclü qan sızıb. Qanaxmanın beyin kötüyünü ciddi zədələdiyi və xəstəyə beyin ölümü diaqnozu qoyulduğu bildirilib.
“Baku Medical Plaza” isə ittihamlarla bağlı açıqlamasında bildirib ki, Quliyeva hamiləliyinin 22-ci həftəsində tibb müəssisəsinə müraciət edib və aparılan müayinələrdən sonra hamiləliyi tibbi nəzarətə götürülüb.
Klinikanın məlumatına əsasən, iyulun 28-də tibbi göstərişlər və mövcud klinik protokollar əsasında pasiyentə qeysəriyyə əməliyyatı icra olunub. Əməliyyatdan sonrakı dövrdə onda qəfil başlayan şiddətli baş ağrısı və qıcolma tutması müşahidə edilib.
Aparılan müayinələr nəticəsində pasiyentdə III dərəcəli mitral qapaq çatışmazlığı müəyyən olunub və vəziyyətinin qiymətləndirilməsi üçün həkim konsiliumu keçirilib.
Konsiliumun rəyinə əsasən, pasiyentin klinik vəziyyəti cərrahi müdaxilə üçün uyğun hesab edilməyib. Klinikadan həmin vaxt verilən açıqlamada onun reanimasiya şöbəsində multidissiplinar tibbi heyətin nəzarəti altında müalicə aldığı, yeni doğulan körpənin vəziyyətinin isə stabil olduğu bildirilmişdi.
Şəhla Quliyevanın ölümünün səbəbləri və hadisə ilə bağlı hüquqi qiymətləndirmənin verilib-verilmədiyi barədə əlavə məlumat açıqlanmayıb.