🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:10   •   🌡️ Bakı

Bakı və Abşeronda torpaqlar ucuzlaşıb: qiymətlər 18%-dək geriləyib

Odlar.media xəbər verir ki, yay mövsümündə Bakı və Abşeron yarımadasının torpaq bazarında ərazilər üzrə fərqli qiymət dinamikası müşahidə olunur. Dənizkənarı və prestijli bağ massivlərində tələbat artdığı halda, bəzi ərazilərdə torpaq sahələrinin qiymətləri mövsümi amillər, infrastruktur problemləri və sənədləşmə çətinlikləri səbəbindən aşağı düşüb.
Qiymətlərin daha çox ucuzlaşdığı ərazilər sırasında Abşeron rayonunun Qobu, Hökməli, Atyalı, Ceyranbatan və Güzdək ətrafı qeyd olunur. Bu ərazilərdə su və kanalizasiya infrastrukturunun zəif olması, həmçinin nəqliyyat problemləri alıcı marağının azalmasına təsir göstərir.
Məlumata görə, yaz aylarında Qobu və Hökməlidə 1 sot torpağın qiyməti 1 500–2 500 manat olduğu halda, yay mövsümündə bu göstərici 1 300–2 100 manata qədər geriləyib. Bu isə təxminən 10–15 faizlik ucuzlaşma deməkdir.
Ceyranbatan və Güzdəkdə isə əvvəllər 3 000–4 000 manata təklif olunan 1 sot torpaq hazırda 2 600–3 400 manat aralığında satılır.
Oxşar vəziyyət Bakı şəhərinin Sabunçu və Suraxanı rayonlarının mərkəzdən uzaq yaşayış massivlərində də müşahidə olunur. Maştağa, Savalan, Zabrat, Ramana və Bülbülənin kənar hissələrində alıcı aktivliyi zəifləyib.
Bunun əsas səbəblərindən biri imkanlı alıcıların yay aylarında daha çox Mərdəkan, Şüvəlan və Bilgəh kimi dənizkənarı ərazilərə üstünlük verməsidir. Bu zonalarda 1 sot torpağın qiyməti 15 000–35 000 manat arasında dəyişir.
Maştağa və Ramananın kənar massivlərində 1 sot torpağın qiyməti yaz aylarındakı 2 500–3 500 manatdan 2 100–3 000 manata, Savalan və Zabratın daxili hissələrində isə 4 500–6 000 manatdan 4 000–5 200 manata qədər azalıb.
Torpaq bazarında qiymətlərə təsir edən əsas amillərdən biri də sənədləşmə məsələsidir. Xüsusilə çıxarışı olmayan, bələdiyyə sənədi ilə satılan və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə marağın azalması onların bazar qiymətinə təsir göstərib.
Məmmədli, Digah və Fatmayı kəndlərinin çıxarışsız daxili massivlərində torpaqların qiymətində 15–20 faizə qədər ucuzlaşma qeydə alınıb. Məmmədli və Digahda kənd təsərrüfatı təyinatlı torpaqların 1 sotunun qiyməti 2 000–3 000 manatdan 1 600–2 300 manata düşüb.
Fatmayının dənizdən uzaq hissələrində isə bələdiyyə sənədli torpaqların 1 sotunun qiyməti 3 500–5 000 manatdan 2 800–4 100 manata qədər geriləyib.
Lökbatan və Şıxov istiqamətində, xüsusilə ticarət və sənaye obyektləri üçün nəzərdə tutulan iri torpaq sahələrində də yay aylarında tikinti aktivliyinin azalması fonunda qiymət yumşalması müşahidə edilir. Lökbatanda sənaye təyinatlı torpaqların 1 sotunun qiyməti 6 000–8 000 manatdan 5 200–7 000 manata qədər enib.
Ümumilikdə, yay mövsümündə Bakı və Abşeronda dənizkənarı və prestijli bağ zonalarında torpaq qiymətləri yüksəldiyi halda, kommunikasiyaları zəif, sənədləşməsi problemli və dənizdən uzaq ərazilərdə qiymətlər orta hesabla 8–18 faiz ucuzlaşıb.