Odlar.media xəbər verir ki, Rusiyada saxlanılan Azərbaycan vətəndaşı Nahid Rasim oğlu Əlicanlının Azərbaycana ekstradisiyası ilə bağlı vəsatət təmin edilib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Baş Prokurorluğun Əlicanlı Nahid Rasim oğlunun ekstradisiyası ilə bağlı vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin olunub.
Qeyd edilib ki, Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Nahid Əlicanlının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə nəzərdə tutulan — hərbi hissəni və ya xidmət yerini üç aydan artıq müddətə özbaşına tərk etmə — cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Bununla əlaqədar onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub. Lakin Əlicanlı istintaqdan yayındığı və gizləndiyi üçün beynəlxalq axtarışa verilib.
Hazırda onun Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.
