Odlar.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantoya ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev məktubunda 17 avqust – İndoneziya Respublikasının Müstəqillik Günü münasibətilə Prabovo Subiantonu və onun simasında dost İndoneziya xalqını Azərbaycan xalqı və şəxsən öz adından səmimi-qəlbdən təbrik edib.
Dövlət başçısı Azərbaycan ilə İndoneziya arasında qarşılıqlı maraq doğuran bir sıra istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.
Məktubda xüsusilə iqtisadiyyat, qarşılıqlı investisiya qoyuluşu və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
İlham Əliyev Azərbaycan-İndoneziya dostluğunun və əməkdaşlığının xalqların rifahı naminə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Prezident İndoneziyanın dövlət başçısına möhkəm cansağlığı, xoşbəxtlik və ali dövlət fəaliyyətində uğurlar, dost İndoneziya xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.
