🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:10   •   🌡️ Bakı

İsrail Livanın cənubuna zərbələr endirdi: 7 nəfər həlak oldu

Odlar.media xəbər verir ki, İsrail ordusu şənbə günü Livanın cənubuna silsilə hava zərbələri endirib. Hücumlar nəticəsində azı 7 nəfər həlak olub, 3 nəfər yaralanıb.
Livanın Milli Xəbər Agentliyinin (NNA) məlumatına görə, zərbələrdən biri Ənsar şəhərində yerləşən yaşayış evinə endirilib. Hücum nəticəsində 7 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.
Xilasetmə qrupları dağıntılar altında axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Ölən və yaralananların dağıntılar altından çıxarılaraq xəstəxanalara çatdırıldığı bildirilir.
Bundan əlavə, Ənsar şəhəri yaxınlığındakı vadiyə də hava zərbəsi endirilib. NNA-nın məlumatına görə, İsrail və Livan arasında iki ay əvvəl əldə olunmuş atəşkəs razılaşmasından sonra həmin ərazi ilk dəfədir hücuma məruz qalır.
İsrail hərbi təyyarələrinin Ənsardan təxminən 16 kilometr şərqdə yerləşən Nabatiyə əl-Fauqa ərazisində müəllim hazırlığı kollecinə və dini binaya da zərbələr endirdiyi bildirilir. Ətraf ərazilərin də hücumlara məruz qaldığı qeyd olunur.
İsrail Müdafiə Qüvvələri (IDF) baş verənlərlə bağlı hələlik rəsmi açıqlama verməyib.