Odlar.media xəbər verir ki, Bakıda növbəti genişmiqyaslı daxili iməcilik keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın kommunal təsərrüfat xidmətlərinin texnikası vasitəsilə əsas küçə və prospektlər, həmçinin məhəllədaxili və ara yollar bitki və canlılara zərər verməyən yuyucu vasitələrlə yuyulub.
İməcilik çərçivəsində prospekt və küçələr, səki kənarları, bordürlər, işıq dirəkləri və yol kənarındakı məhəccərlər təmizlənib. Park və istirahət məkanlarında oturacaqlar yuyulub, həyət və yaşayış məhəllələrində abadlıq və təmizlik işləri aparılıb. Həmçinin ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, köşk və dayanacaqlar yuyulub.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən magistral yolların və prospektlərin kənarlarında yerləşən ağaclara qulluq göstərilib. Qurumuş budaqlar budanıb, ağacların dibləri yumşaldılıb və yaşıllıq sahələrində aqrotexniki tədbirlər həyata keçirilib.
Eyni zamanda, park, prospekt və küçə kənarlarında şəhər sakinlərinin və paytaxt qonaqlarının estetik zövqünü oxşayan rəngbərəng güllər əkilib, müxtəlif rəngli çiçəklərdən kompozisiyalar yaradılıb.
