Odlar.media xəbər verir ki, Xəzər pələnginin (Panthera tigris virgata) tarixi arealında populyasiyasının bərpası istiqamətində mühüm addım atılıb. Qazaxıstandakı “İli-Balxaş” dövlət təbiət rezervatında dişi pələng vəhşi təbiətə buraxılıb. Məlumata görə, bu, Qazaxıstan ərazisində pələnglərin nəsli kəsildikdən 70 ildən çox müddət sonra onların təbiətə qaytarılması istiqamətində həyata keçirilən ilk praktiki mərhələdir. Reintroduksiya layihəsinin məqsədi Xəzər pələnginin tarixi yaşayış arealında sabit populyasiyanın formalaşdırılmasıdır. Genetik araşdırmalar Xəzər və Amur pələnglərinin genetik baxımdan demək olar ki, eyni olduğunu göstərib. Tədqiqatlara əsasən, bu iki populyasiya XX əsrin əvvəllərinə qədər müəyyən dərəcədə qarışıb. Mütəxəssislərin fikrincə, Xəzər pələngi Amur pələngindən genetik kodun cəmi bir hərfi ilə fərqlənir. Bu səbəbdən müasir dövrdə Amur pələnglərinin tarixi Xəzər pələnginin arealına reintroduksiya üçün uyğun genetik baza hesab olunur. Layihəyə yalnız pələnglərin təbiətə buraxılması deyil, həm də onların yaşayış mühitinin genişləndirilməsi daxildir. Qazaxıstan hökumətinin qərarı ilə “İli-Balxaş” rezervatının ərazisi 35 088,47 hektar artırılıb. Qeyd edək ki, Rusiyada “Qırmızı kitab”a daxil edilmiş Amur pələnginin populyasiyasının ən azı 750 fərd olduğu bildirilir. Mütəxəssislər pələnglərin sayının və yayılma arealının vəziyyətini mütəmadi monitorinq edir.