🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:54   •   🌡️ Bakı

EIA qlobal neft hasilatı üzrə 2026–2027-ci illər üçün proqnozunu açıqladı

Odlar.media xəbər verir ki, ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyası Administrasiyası (EIA) 2026 və 2027-ci illər üzrə neft və digər maye karbohidrogenlərin qlobal gündəlik hasilatına dair proqnozlarını yeniləyib.
EIA-nın aylıq hesabatına əsasən, 2027-ci ildə maye karbohidrogenlərin qlobal gündəlik istehsalının orta hesabla 109,74 milyon barel olacağı gözlənilir. Əvvəlki proqnozda bu göstərici 109,84 milyon barel təşkil edirdi.
Yeni proqnoza görə, 2027-ci ildə qlobal hasilat 2026-cı il üçün gözlənilən göstəricidən 8,92 milyon barel çox olacaq.
EIA 2026-cı il üzrə proqnozunu da aşağı istiqamətdə yeniləyib. Belə ki, cari ildə maye karbohidrogenlərin qlobal gündəlik hasilatının orta hesabla 100,82 milyon barel olacağı proqnozlaşdırılır. Əvvəlki proqnozda bu rəqəm 101,89 milyon barel idi.
Beləliklə, 2026-cı il üzrə qlobal gündəlik hasilatın 2025-ci illə müqayisədə 5,3 milyon barel azalacağı gözlənilir.
Qeyd edək ki, 2025-ci ildə maye karbohidrogenlərin qlobal gündəlik hasilatı orta hesabla 106,12 milyon barel təşkil edib. Bu, 2024-cü ilin 103,17 milyon barellik göstəricisindən 2,95 milyon barel çoxdur.
2023-cü ildə isə qlobal maye karbohidrogen hasilatı sutkada orta hesabla 102,02 milyon barel səviyyəsində olub.