Odlar.media xəbər verir ki, avqustun 12-də Azərbaycanda hava şəraitinin bəzi ərazilərdə qeyri-sabit keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur.
Ərazidə mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25°, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-75 faiz, gündüz 45-50 faiz olacaq.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağıntının leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.
Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların daha da güclənəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 22-26°, gündüz 32-37° isti, dağlıq ərazilərdə isə gecə 14-18°, gündüz 20-25° isti təşkil edəcək.
