Odlar.media xəbər verir ki, “Qarabağ” klubu 2026/2027 mövsümünə böyük hədəflərlə başlayıb.
Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə keçiriləcək cavab oyunu öncəsi klubun mətbuat xidmətinə açıqlamasında komandanı ciddi və məsuliyyətli sınaqların gözlədiyini bildirib.
Tahir Gözəl qeyd edib ki, mövsümlərarası fasilədə bir sıra mövqelər üzrə heyət gücləndirilib və yeni transferlər zamanı komandanın ehtiyacları nəzərə alınıb.
“Möhtəşəm bir mövsümü geridə qoyduqdan sonra 2026/2027 mövsümünə böyük hədəflər və böyük inamla start verdik. Qarşıda bizi yenə çox ciddi və məsuliyyətli sınaqlar gözləyir. Bu il bir çox mövqedə heyətimizi gücləndirdik, inandığımız futbolçuları komandamıza cəlb etdik və bu seçimləri edərkən qarşıdakı qarşılaşmaları, komandamızın ehtiyaclarını nəzərə aldıq”, – deyə klub prezidenti bildirib.
O, yeni futbolçuların komandaya töhfə verəcəyinə inandığını və baş məşqçi Qurban Qurbanovun futbol fəlsəfəsinə tam güvəndiyini vurğulayıb.
Tahir Gözəl azarkeşlərə də müraciət edərək onları qarşıdakı vacib oyunda komandanı tribunadan dəstəkləməyə çağırıb:
“İndi isə azarkeşlərimizə səslənərək komandamıza inanmalarını, bu inamı tribunada futbolçularımıza hiss etdirmələrini istəyirəm. “Dinamo” ilə bizi çox vacib oyun gözləyir. Belə məqamlarda stadionun səsi, azarkeşin sevgisi komandaya böyük güc və mübarizə ruhu verir. Gəlin, hər birimiz yumruq kimi bir yerdə olaq, komandamızı ürəkdən dəstəkləyək və “Qarabağ”ımıza olan inamımızı tribunadan hiss etdirək”.
Qeyd edək ki, “Qarabağ” UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda səfərdə Kiyev “Dinamo”suna 0:1 hesabı ilə məğlub olub.
Komandalar arasında cavab qarşılaşması avqustun 13-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
