🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 05:30   •   🌡️ Bakı

Ali Məhkəmədən podrat müqavilələri ilə bağlı mühüm qərar

Odlar.media xəbər verir ki, Azərbaycan Ali Məhkəməsinin Plenumu podrat müqavilələrindən irəli gələn mübahisələrin həlli zamanı qanunvericiliyin düzgün tətbiqi və bu kateqoriyadan olan işlər üzrə vahid hüquqi yanaşmanın təmin edilməsi məqsədilə yeni qərar qəbul edib.
“Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” adlı Plenum Qərarı ilə podrat müqavilələrinə dair bir sıra mühüm məsələlərə aydınlıq gətirilib.
Qərarda podrat müqaviləsini digər mülki-hüquqi müqavilələrdən fərqləndirən meyarlar müəyyənləşdirilib, kommersiya subyektləri ilə bağlanan podrat müqavilələrinin forma tələbləri dəqiqləşdirilib.
Həmçinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri, istehlak podratının və çoxmənzilli binanın tərkib hissəsinə dair podrat müqavilələrinin xüsusiyyətləri, eləcə də podrat müqavilələri üzrə mülki qanunvericiliyin tətbiqi zamanı yaranan praktiki problemlər təhlil olunub.
Ali Məhkəmənin Plenumu qərarın tətbiqi ilə bağlı məhkəmə fəaliyyətinin monitorinqinin aparılmasını da qərara alıb.
Monitorinq 2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək həyata keçiriləcək. Araşdırma kommersiya məhkəmələrini, apellyasiya instansiyalarında baxılan kommersiya işlərini, həmçinin Bakı şəhərinin rayon (şəhər) məhkəmələrini və Bakı Apellyasiya Məhkəməsində baxılan mülki işləri əhatə edəcək.