🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:54   •   🌡️ Bakı

DİN-dən yeni qurğularla bağlı açıqlama: “Radar deyil”

Odlar.media xəbər verir ki, sosial şəbəkələrdə avtomobilləri arxadan çəkən və sürət həddinin pozulmasını müəyyən etdiyi iddia olunan yeni texniki vasitələrlə bağlı görüntülər yayılıb.
Məsələ ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, görüntülərdə əks olunan qurğu sürətölçən cihaz deyil.
Açıqlamaya görə, sözügedən elektron qurğu yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin ölçülməsi və nəqliyyat axınının monitorinqi məqsədilə istifadə olunur.
“Cihaz vasitəsilə nəqliyyat vasitələrinin hərəkət intensivliyi ilə bağlı məlumatlar toplanılır və bu məlumatlar yol hərəkətinin təşkili, nəqliyyat axınının təhlili və idarə olunması prosesində istifadə edilir.
Qeyd olunan qurğunun inzibati xəta barədə elektron protokol tətbiq etmək funksiyası yoxdur”, – deyə DİN-dən bildirilib.
Qeyd edək ki, “Beton yol” kimi tanınan Zığ-Hövsan-Hava limanı yolunda yeni texniki vasitələr quraşdırılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə həmin qurğuların avtomobilləri digər radar sistemlərindən fərqli olaraq ön tərəfdən deyil, arxadan çəkdiyi iddia olunurdu. DİN-in açıqlaması ilə bu qurğuların radar olmadığına aydınlıq gətirilib.