🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:09   •   🌡️ Bakı

Uitkoff: “Əliyev və Paşinyan ritorikanı deyil, nəticələri seçdilər”

Odlar.media xəbər verir ki, Azərbaycan-Ermənistan münasibətlərində uzun illər davam edən qarşıdurmanın həlli ABŞ Prezidenti Donald Trampın hakimiyyətə qayıtmasından sonra yeni mərhələyə qədəm qoyub.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “Washington Examiner” nəşrində yayımlanan məqaləsində bildirib ki, Trampın “cəsarətli və uzaqgörən rəhbərliyi” nəticəsində Azərbaycan və Ermənistan arasında sülh haqqında Birgə Bəyannamənin imzalanmasından bir il ötür.
Uitkoffun sözlərinə görə, bu sənəd 35 ildən artıq davam edən qanlı qarşıdurmaya son qoyulması istiqamətində mühüm addım olub. O, ABŞ-ın sülh gündəliyinin irəlilədilməsində iştirakından şərəf duyduğunu qeyd edib.
Xüsusi nümayəndə bildirib ki, Tramp əvvəlki yanaşmalardan kənara çıxaraq Azərbaycan və Ermənistan arasında sülhü ABŞ xarici siyasətinin prioritetlərindən birinə çevirib. Onun sözlərinə görə, ABŞ nümayəndə heyətinin Azərbaycanla təması 2025-ci ilin martında Bakıya səfərlə başlayıb.
“İlk təmasdan etibarən ABŞ-ın Azərbaycan və Prezident İlham Əliyevlə münasibətlərinə lazımi diqqətin göstərilmədiyi aydın oldu”, – deyə Uitkoff yazıb.
ABŞ rəsmisi Donald Trampın xarici siyasətini də fərqli xarakterizə edib. O bildirib ki, Tramp ABŞ-ın maraqlarını irəlilətmək və uzunmüddətli münaqişələrdə sülhə nail olmaq üçün istənilən tərəflə birbaşa dialoqa hazırdır.
Uitkoff Azərbaycan Prezidenti İlham Əliyevi sülhə nail olmaq üçün çətin və zəruri addımlar atmağa hazır olan “güclü və qətiyyətli lider” kimi qiymətləndirib. Onun sözlərinə görə, Əliyev həm Azərbaycanın maraqlarını, həm də regional sabitliyin təmin edilməsinin vacibliyini anlayır.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Ermənistanın Baş naziri Nikol Paşinyanı isə “praqmatik və cəsarətli lider” adlandırıb. O bildirib ki, Paşinyan xalqının maraqları naminə bəzən populyar olmayan, lakin doğru qərarlar qəbul etməyə hazırdır.
Uitkoff qeyd edib ki, beş ay ərzində Bakı və İrəvanda aparılan intensiv danışıqlar nəticəsində münaqişəyə yeni prizmadan yanaşmağın zəruriliyi ortaya çıxıb.
O, xüsusilə Azərbaycanın Naxçıvana maneəsiz çıxışının təmin edilməsinin vacibliyini vurğulayıb. Uitkoffun sözlərinə görə, bu məsələ uzun müddət yalnız ərazi mübahisəsi kontekstində qiymətləndirilib.
“Daha bir köhnəlmiş formul deyil, yeni düşüncə, yaradıcı həllər və ən əsası liderlik lazım idi”, – deyə o bildirib.
Uitkoffun sözlərinə görə, bu liderliyi ilk olaraq Donald Tramp nümayiş etdirib və bunun nəticəsində yeni imkanlar yaranıb. Ardınca TRIPP konsepsiyası ortaya çıxıb. Bu təşəbbüs Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməklə, onun ərazisindən maneəsiz multimodal nəqliyyat marşrutlarının yaradılmasını nəzərdə tutur.
ABŞ rəsmisi bildirib ki, Tramp nümayişkaranə proseslərdənsə, praktiki nəticələrə üstünlük verib və bu yanaşma nəticə verib.
Onun sözlərinə görə, TRIPP konsepsiyası mübahisələrin sonsuz danışıqlar əvəzinə yaradıcılıq, qarşılıqlı fayda və siyasi iradə yolu ilə həllinə nümunə kimi beynəlxalq səviyyədə tanınır.
Uitkoff ABŞ-ın son bir il ərzində TRIPP razılaşmasının həyata keçirilməsi istiqamətində Azərbaycan və Ermənistanla əməkdaşlıq etdiyini də bildirib.
“Biz TRIPP-in Xəzər dənizindən keçəcəyini və bu konsepsiyanın Yaxın Şərqdə də inkişaf edəcəyini gözləyirik”, – deyə o qeyd edib.
ABŞ prezidentinin xüsusi nümayəndəsi hesab edir ki, bir neçə regionda eyni vaxtda mürəkkəb münaqişələrin yaşandığı bir dövrdə Donald Tramp sülh və rifaha nail olmaq üçün xüsusi imkanlara malikdir.
“Bu gün Cənubi Qafqaz daha təhlükəsiz və sabitdir, çünki Tramp, Əliyev və Paşinyan ritorikanı deyil, nəticələri seçiblər”, – deyə Uitkoff yazıb.