Odlar.media xəbər verir ki, avqustun 10-da Litva Respublikasının Baş naziri Mindaugas Sinkeviçyus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Telefon danışığı zamanı Azərbaycan-Litva münasibətlərinin son dövrdə inkişafında müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd olunub. Bu xüsusda Litvanın sabiq Baş naziri İnqa Ruqinienenin cari ilin aprel ayında Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüş zamanı aparılan müzakirələr xatırlanıb.
Prezident İlham Əliyev Mindaugas Sinkeviçyusu Litvanın Baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
Litvanın Baş naziri təbriklərə görə təşəkkürünü bildirib və hökumət rəhbəri kimi Azərbaycan-Litva ikitərəfli əlaqələrinin inkişafını daim diqqətdə saxlayacağını vurğulayıb.
Söhbət zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə enerji təhlükəsizliyinin təmin olunması, eləcə də ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər müzakirə edilib.
Mindaugas Sinkeviçyus Vaşinqton Sülh Sammiti və həmin tədbirdə əldə olunmuş razılaşmaların ildönümü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı Azərbaycan-Avropa İttifaqı münasibətlərinə də toxunulub. Son dövrdə keçirilmiş yüksəksəviyyəli təmasların tərəflər arasında əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Litvanın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsinə daim dəstək göstərdiyi vurğulanıb.
Tərəflər, həmçinin beynəlxalq gündəlikdə duran məsələlər və mövcud vəziyyət barədə fikir mübadiləsi aparıblar.
