🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:54   •   🌡️ Bakı

Pentaqon silah istehsalçılarına vaxt qoydu: Tədarük sürətləndirilməlidir

Odlar.media xəbər verir ki, ABŞ Pentaqonu hərbi şirkətlərdən ordu üçün silah və sursat istehsalını, eləcə də tədarükünü əhəmiyyətli dərəcədə sürətləndirməyi tələb edib.
Bu barədə “The Washington Post” məlumat yayıb.
Məlumata görə, Pentaqon rəhbərinin müavini Stiven Faynberq hərbi podratçılara silah tədarükünün artırılması ilə bağlı konkret planlarını təqdim etmələri üçün 21 gün vaxt verib.
Faynberq bildirib ki, illərlə davam edən istehsal müddətləri artıq Pentaqon üçün qəbuledilməzdir. Onun sözlərinə görə, ABŞ ordusunun ehtiyac duyduğu əsas silah sistemlərinin daha qısa müddətdə istehsal edilərək tədarük olunması zəruridir.
Təcili tədarükü tələb olunan sistemlər arasında yeni nəsil NGI raketdən müdafiə sistemi, NASAMS zenit-raket kompleksləri, mobil hava hücumundan müdafiə radarları və raketlərin kosmosdan izlənməsi sistemləri də yer alır.
Qeyd olunur ki, Pentaqonun bu qərarı əsasən İranla münaqişə fonunda ABŞ-ın sursat ehtiyatlarının azalması və yaranmış çatışmazlıqla əlaqədardır.