🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:55   •   🌡️ Bakı

ABŞ üçün kabusa çevrilə bilər: B-2 vurularsa,

Odlar.media xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin strateji B-2 Spirit bombardmançısının düşmən ərazisi üzərində vurulması Vaşinqton üçün təkcə pilotların xilas edilməsi məsələsi deyil, həm də ciddi milli təhlükəsizlik problemi yarada bilər.
“WION”un yazdığına görə, bunun əsas səbəbi B-2-nin malik olduğu yüksək məxfilik dərəcəsinə malik texnologiyaların qarşı tərəfin əlinə keçməsi riskidir.
Nəşr bildirir ki, B-2-nin ekipajı iki pilotdan ibarətdir. Təyyarənin düşmən ərazisi üzərində vurulması halında ABŞ hərbçiləri eyni vaxtda iki əsas vəzifəni yerinə yetirməli olacaqlar: pilotların tapılaraq təhlükəsiz şəkildə təxliyə edilməsi və təyyarənin qalıqlarının rəqib tərəfindən ələ keçirilməsinin qarşısının alınması.
B-2 pilotları düşmən ərazisində sağ qalmaq və fəaliyyət göstərmək üçün xüsusi avadanlıqlarla təmin edilir. Bu avadanlıqlara şifrələnmiş rabitə vasitələri və qəza siqnal sistemləri daxildir.
Qəza zamanı ABŞ-ın döyüş axtarış-xilasetmə qüvvələrindən istifadə edilə bilər. Lakin belə bir əməliyyatın mürəkkəbliyi təyyarənin təhlükəsiz ərazidən nə qədər uzaqda düşməsindən və qəza yerinə rəqibin nə dərəcədə nəzarət etməsindən asılı olacaq.
B-2 bombardmançısında “ACES II” tipli katapult oturacaqlarından istifadə olunur. Hər iki pilot fövqəladə vəziyyətdə ayrıca katapult edilə bilər. Sistem katapultdan sonra paraşütün açılmasını və pilotun qəza zamanı istifadə edə biləcəyi avadanlıqların işə salınmasını təmin edir.
Lakin ABŞ üçün əsas təhlükə pilotların xilas edilməsindən daha çox təyyarənin qalıqlarının ələ keçirilməsi ola bilər.
B-2-nin konstruksiyasında radarlar tərəfindən aşkarlanmanı çətinləşdirən xüsusi örtük materialları, avionika komponentləri, radioelektron mübarizə sistemləri və hava hücumundan müdafiə sistemlərini yarmaq üçün hazırlanmış müxtəlif texnologiyalar tətbiq edilir.
Bu səbəbdən ABŞ ordusunun məxfi texnologiyalar daşıyan hərbi təyyarələrin qalıqları ilə bağlı xüsusi prosedurları mövcuddur. B-2-nin düşmən tərəfindən ələ keçirilməsi təhlükəsi real olarsa, mümkün variantlardan biri onun qalıqlarının məhv edilməsi ola bilər.
Belə bir qərar ABŞ üçün son dərəcə bahalı hesab olunsa da, məxfi texnologiyaların rəqibin əlinə keçməsi riski qarşısında təyyarənin qorunub saxlanılması ikinci plana keçə bilər. B-2 bombardmançısının dəyəri təxminən 2,1 milyard dollar qiymətləndirilir.
Bu günə qədər yalnız bir B-2 bombardmançısı itirilib. “Spirit of Kansas” adlı təyyarə 2008-ci ildə ABŞ-ın Quam adasındakı Andersen hərbi bazasından havaya qalxarkən qəzaya uğrayıb.
Hadisə ABŞ-ın nəzarətində olan ərazidə baş verdiyindən hərbçilər qalıqlara dərhal çıxış əldə edə biliblər. Təyyarənin məxfi komponentləri çıxarılıb və nəzarət altında utilizasiya edilib.