Odlar.media xəbər verir ki, müasir tibbi yanaşmalara əsasən, uşaqlara allergen qidaların uzun müddət gec verilməsi allergiyanın qarşısını almaq üçün doğru üsul hesab edilmir.
Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Gültəkin Novruzova bildirib ki, ilk 6 ay ərzində körpələrin yalnız ana südü ilə qidalandırılması, 6 aydan sonra isə yaşa uyğun əlavə qidaların tətbiqi və əmizdirmənin ən azı 2 yaşa qədər davam etdirilməsi beynəlxalq tövsiyələrə uyğundur.
Mütəxəssisin sözlərinə görə, 1 yaşdan sonra da ana südü uşağın qidalanmasında mühüm rol oynayır. İkinci həyat ilində ana südü uşağın gündəlik enerji tələbatının əhəmiyyətli hissəsini qarşılayır, həmçinin zülal, yağ turşuları, kalsium, A vitamini və digər vacib mikroelementlərin mənbəyi olaraq qalır.
Uzunmüddətli əmizdirmənin uşağın sağlamlığına təsiri bir neçə istiqamətdə özünü göstərir. Belə ki, ana südündəki immunoloji və bioaktiv komponentlər respirator infeksiyalar, orta qulaq iltihabı və kəskin ishal riskinin azalmasına kömək edir. Bundan əlavə, uzun müddət əmizdirilən uşaqlarda koqnitiv və emosional inkişaf göstəricilərinin daha yüksək olduğu, gələcəkdə artıq çəki, tip 2 diabet və digər metabolik problemlərin riskinin isə azala bildiyi qeyd olunur.
Gültəkin Novruzova allergen qidaların gec təqdim edilməsi ilə bağlı əvvəlki yanaşmaların müasir elmi araşdırmalar fonunda dəyişdiyini vurğulayıb.
Onun sözlərinə görə, təxminən 4–6 aylıq dövr uşağın immun sistemində “immunoloji tolerantlıq pəncərəsi” kimi qiymətləndirilir. Bu mərhələdə yaşa və inkişaf səviyyəsinə uyğun şəkildə təqdim edilən allergen qidalar orqanizmin həmin qidalara qarşı tolerantlıq formalaşdırmasına kömək edə bilər.
Mütəxəssis bildirib ki, allergen qidaların uzun müddət gecikdirilməsi allergiya riskini azaltmır və bəzi hallarda əksinə, riskin artmasına səbəb ola bilər. Bununla belə, əlavə qidaların tətbiqi uşağın inkişaf səviyyəsinə uyğun və mərhələli şəkildə aparılmalı, pediatrın tövsiyələri nəzərə alınmalıdır.
Gültəkin Novruzova valideynlərin düzgün məlumatlandırılmasının vacibliyini də diqqətə çatdırıb. O qeyd edib ki, həkimlər ailələrlə təzyiqedici deyil, dəstəkləyici ünsiyyət qurmalı, əmizdirmə zamanı yaranan çətinliklərdə peşəkar dəstək göstərməlidirlər.
Mütəxəssisin fikrincə, süd vəzisi problemləri və ya qidalanma ilə bağlı çətinliklər avtomatik olaraq əmizdirmənin dayandırılması üçün əsas hesab edilməməlidir.
Qeyd edək ki, Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi hər il avqustun 1-dən 7-dək keçirilir. Kampaniyanın əsas məqsədi ana südü ilə qidalanmanın sağlamlıq üçün əhəmiyyəti barədə ictimai məlumatlılığın artırılmasıdır.
Odlar.media
