Odlar.media xəbər verir ki, Türkiyə Qara dənizdə Rusiya və Ukrayna ilə əlaqəli gəmilərə qarşı hücumların artması fonunda kommersiya gəmilərinin boğazlardan Qara dənizə keçidinə nəzarəti sərtləşdirib.
“Bloomberg”in məlumatına görə, Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsi Rusiyanın əsas neft və taxıl ixrac mərkəzlərindən biri olan Novorossiysk limanına istiqamətlənən bir neçə gəminin keçidinə icazə verməyib. Bəzi gəmilərin isə Dardanel boğazından keçidlə bağlı müraciətlərinin nəzərdən keçirilməsi üçün əlavə vaxt tələb olunduğu bildirilib.
Məlumata əsasən, məhdudiyyətlər bəzi hallarda Ukraynaya istiqamətlənən gəmilərə də şamil olunur. Bununla belə, Türkiyə hakimiyyəti qərarın rəsmi səbəbləri və məhdudiyyətlərin hansı müddət ərzində qüvvədə qalacağı ilə bağlı hələlik açıqlama verməyib.
Qərarın Qara dənizdə kommersiya gəmiçiliyinə qarşı hücumların intensivləşməsi ilə əlaqəli olduğu bildirilir. Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Qara dənizdə iki Türkiyə gəmisinə pilotsuz uçuş aparatları ilə hücumlar nəticəsində ekipaj üzvlərinin, o cümlədən Türkiyə vətəndaşlarının yaralandığını açıqlamış və regionda təhlükəsiz naviqasiyanın təmin olunması üçün Rusiya və Ukraynaya çağırış etmişdi.
Hazırda məhdudiyyətlərin bütün kommersiya gəmilərinə, yoxsa yalnız müəyyən istiqamətlər üzrə hərəkət edən gəmilərə tətbiq edildiyi dəqiqləşdirilməyib.
