Odlar.media xəbər verir ki, Laçın Azərbaycanın müasir tarixində yalnız azadlığı ilə deyil, qısa müddətdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə də xüsusi yer tutur. 26 Avqust – Laçın Şəhəri Günü tarixi ədalətin bərpasını, Böyük Qayıdışı və Azərbaycanın yenidən quruculuq əzmini özündə birləşdirən əlamətdar tarix kimi qeyd olunur.
Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimovanın sözlərinə görə, Laçının adı bu gün Azərbaycanın dövlətçilik iradəsi, milli birlik və Zəfər anlayışları ilə sıx bağlıdır.
Laçının 1992-ci il mayın 18-də işğal olunması Azərbaycanın müasir tarixinin ən ağır faciələrindən biri kimi yadda qalıb. Şuşadan sonra Laçının da işğal edilməsi Ermənistanla Qarabağ arasında strateji bağlantının yaranmasına şərait yaratdı. İşğal illərində rayonun əhalisi doğma yurdlarından didərgin salındı, yaşayış məntəqələri, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri, tarixi abidələr dağıdıldı, bölgənin təbii sərvətləri talan edildi.
Lakin 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər Laçının taleyində də dönüş nöqtəsi oldu. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü. Həmin gün Azərbaycan Dövlət Bayrağının Laçında yenidən dalğalanması tarixi ədalətin bərpasının simvoluna çevrildi.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə avqustun 26-nın Laçın Şəhəri Günü elan edilməsi də bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinə xidmət edir.
Bu gün Laçında həyata keçirilən genişmiqyaslı layihələr göstərir ki, azad edilmiş ərazilərin bərpası yalnız dağıdılmış infrastrukturun yenilənməsi ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yeni inkişaf məkanına çevrilir və Laçın bu prosesin ən mühüm mərkəzlərindən biri kimi önə çıxır.
Prezident İlham Əliyevin Laçınla bağlı səsləndirdiyi “Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” fikri artıq real nəticələrdə öz əksini tapır. Şəhərdə yeni yaşayış binaları, sosial obyektlər, istehsal müəssisələri və müasir infrastruktur yaradılır.
Laçında son illərdə bir sıra mühüm layihələr həyata keçirilib. Güləbird Su Elektrik Stansiyasının istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının inşası, Böyük Qayıdış proqramının başlanması, məktəb və digər sosial obyektlərin açılması, “Həkəri Balıq Təsərrüfatı”nın və sənaye müəssisələrinin fəaliyyətə başlaması bölgənin sürətli inkişafını nümayiş etdirir.
Sus və Bəylik kəndlərinin istifadəyə verilməsi, yeni su elektrik stansiyalarının açılışı, “Laçın” İstirahət Kompleksinin, tikiş və ayaqqabı fabriklərinin fəaliyyətə başlaması, həmçinin Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhərin və rayonun iqtisadi potensialını daha da artırıb.
2026-cı ildə “Həkəriçay” su anbarının təməlinin qoyulması və yeni su elektrik stansiyalarının açılışı isə Laçının enerji və su ehtiyatlarından səmərəli istifadəyə əsaslanan inkişaf modelinin formalaşdığını göstərir.
Laçın həmçinin Azərbaycanın yaşıl enerji siyasətinin mühüm ünvanlarından birinə çevrilir. Rayonda bərpaolunan enerji mənbələrindən istifadə genişləndirilir, elektrik enerjisi istehsalında su və digər yaşıl enerji potensialından yararlanılır.
Nəqliyyat infrastrukturu da köklü şəkildə yenilənir. Kəlbəcər–Laçın avtomobil yolu, çoxsaylı tunel və körpülər bölgənin digər ərazilərlə əlaqəsini gücləndirir. Dəniz səviyyəsindən təxminən 1700 metr yüksəklikdə yerləşən Laçın Beynəlxalq Hava Limanı isə Azərbaycanın mürəkkəb relyef şəraitində həyata keçirdiyi mühüm mühəndislik layihələrindən biridir.
Laçının iqtisadi həyatında Aqro-Sənaye Parkının da xüsusi rolu var. Burada müxtəlif istehsal müəssisələri yaradılır, mebel, ayaqqabı və tikiş sənayesi inkişaf etdirilir. Modul ev istehsalı, heyvandarlıq, balıqçılıq və arıçılıq kimi sahələr üçün də yeni imkanlar formalaşdırılır. “Hoçazfilm” studiyasının fəaliyyəti isə Qarabağın tarixi və mədəni irsinin audiovizual vasitələrlə gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Ən mühüm məqam isə Böyük Qayıdış prosesidir. Minlərlə keçmiş məcburi köçkün Laçın şəhərinə, Zabux, Sus və Bəylik kəndlərinə qayıdaraq illər sonra öz doğma torpaqlarında yeni həyata başlayıb.
Beləliklə, Laçın bu gün Azərbaycanın yalnız azad edilmiş şəhəri deyil, Zəfərin quruculuğa, quruculuğun isə davamlı inkişafa çevrildiyi məkanlardan biridir.
26 Avqust – Laçın Şəhəri Günü bu baxımdan yalnız tarixi hadisənin ildönümü deyil. Bu tarix Azərbaycanın dövlətçilik iradəsinin, xalqın sarsılmaz ruhunun və Böyük Qayıdışın təntənəsini ifadə edir.
Laçının yenidən qurulan siması Azərbaycanın güclü dövlət siyasətinin, milli həmrəyliyin və gələcəyə hesablanmış inkişaf strategiyasının parlaq nümunəsidir.
Mənbə: Odlar.media
